Şəhidin xanımı hamını kövrəltdi: "Bu yaş mənə düşmədi, cənab leytenant"

Vətən müharibəsinin şəhidi Teymur Abbasovun  həyat yoldaşı Sona xanım sosial şəbəkə paylaşımı ilə hər kəsi kövrədlib.
“Sherg.az” xəbər verir ki, o ötən ilki doğum günündən şəhidimiz ilə birgə fotosunu paylşaraq bu sözləri yazıb:
“Həmişəki kimi gecə saat 12-də yeni yaşımı təbrik edən sən oldun. Alnımdan öpüb, “Sona yaxşı ki, sən varsan, varımsan. Bu həyata bir də gəlmək şansım olsa, yenə böyüməyini gözləyib, səninlə evlənərdim" dedin. Bunu kimsədən utanmadan,çəkinmədən həmişə hamının yanında söyləyirdin.
Günorta görüntülü zəng elədin ki, mətbəxdə şkafda proteinim qalıb, bax gör ordadırmı? Dərhal mətbəxə qaçıb şkafı açdım, gördüm ki,bir balaca hədiyyə qutusu var. Bilirdim ki, məni hədiyyəsiz qoymayacaqsan. Telefon almışdın. Çox sevindim. Bəyənib-bəyənmədiyimi soruşdun. Sonra dedin ki, inşallah bu telefondan gözəl xəbərlər eşidərsən, mən də gözəl sözlər söyləyərəm: "Səni sevirəm". Mən də “Amin” dedim. 30 yaş mənə düşmədi, cənab leytenant. Həmin telefondan sənin şəhidlik xəbərini oxudum. Dünya başıma yıxıldı və altında qaldım, əzildim. Səndən mənə ən gözəl hədiyyə isə, əmanət qoyub getdiyin iki gözəl oğlumuz oldu. Hər şey üçün təşəkkürlər, sevgilim. Sevgini iliklərimizə qədər, doya-doya yaşadığımız üçün təşəkkürlər. Neçə gözəl sənli illərə, Teymur Feyruzoğlu”.

Qeyd edək ki, Silahlı qüvvələrin leytenantı Teymur Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.