Ən azı 11 təsisçi olmalıdır

Kredit ittifaqı yalnız öz üzvlərinə kredit verə bilir

Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və ya kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit buroları haqqında” qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşir. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, bu hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov bildirib ki,  ümumiyyətlə, kredit təşkilatları iki qrupa bölünür. O qeyd edib ki, bunlar banklar və bank olmayan kredit təşkilatlarıdır:

"Bank olmayan kredit təşkilatlarının da növlərindən biri kredit ittifaqıdır. Onun digər bank olmayan kredit təşkilatlarından fərqi ondan ibarətdir ki, kredit ittifaqı kooperativdir. Kredit ittifaqlarının ən azı 11 təsisçisi olmalıdır. Amma təbii ki, çox da ola bilər. Onlar kredit ittifaqını təsis edirlər və pul qoyurlar. Sonra kredit ittifaqı yalnız öz üzvlərinə kredit verə bilər, başqalarına isə verə bilmir. Kredit ittifaqlarına lisenziyanı Mərkəzi Bank verir və o da nəzarət edir. Təbii ki, onlar da Mərkəzi Banka vaxtaşırı onların bəyan etdiyi qaydada məlumat verməlidirlər. Məhz vaxtında məlumat verilmədiyi təqdirdə həmin kredit ittifaqlarına cərimələr tətbiq olunur".