Hər an çevriliş ola bilər

Paşinyan müxalifəti müxtəlif ittihamlarla gözdən salmağa çalışır

Çünki artıq təkcə Qarabağ klanı deyil, eyni zamanda Levon Ter-Petrosyan da ona qarşı çıxır


Ermənistan müxalifəti yenidən müharibənin başlayacağını arzu edir. Bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Facebook” hesabında yazıb. Paşinyan bildirib ki, özlərini "müxalifət" elan edən müəyyən dairələr həsrətlə gözlədikləri müharibənin başlamadığına görə “narahat olurlar”. O, bütün təfərrüatları bu gecə açıqlayacağına söz verib.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov qeyd edib ki, Ermənistanda siyasi münasibətlər çox kəskin vəziyyətdədir. Politoloq qeyd edib ki, Paşinyan hazırda müxalifəti müxtəlif ittihamlarla gözdən salmağa çalışır:

"Qeyd edim ki, Nikol Paşinyan kimdənsə, özünə qarşı əks hərəkət gözləsə də, vaxtilə özünün xaç atası adlandırdığı Levon Ter-Petrosyanın onu bu qədər acılayacağını düşünmürdü.

Çünki Paşinyan 44 günlük Vətən müharibəsində imzaladığı biabırçı kapitulyasiya aktından sonra və ondan sonrakı dövrdə ona qarşı olan bütün təhqir ritorikalarına rəğmən Levon Ter-Petrosyan hər zaman onu daha konstruktiv və yumşaq tənqidlər edirdi. Amma seçkilər yaxınlaşdıqca, Ermənistanda siyasi münasibətlər daha da kəskinləşib. Bu hadisələrin fonunda Levon Ter-Petrosyanın da Paşinyanın əleyhinə çıxması Paşinyanın müxalifət isterikasını daha da gücləndirib. Nəzərə alaq ki, təkcə Qarabağ klanı deyil, eyni zamanda Levon Ter-Petrosyan da ona qarşı çıxır". 

T.İsmayılov əlavə edib ki, Ermənistanda hazırda siyasi xaotik mühit formalaşıb:

"Nikol Paşinyan müxalifəti  müxtəlif ittihamlarla gözdən salmağa çalışır. Çünki Paşinyan keçirilən sosioloji rəy sorğuları nəticəsində ölkəsinin vəziyyətinin daha da pis olduğunu artıq dərk etməyə başlayıb. Eyni zamanda Nikol Paşinyanın reytinqi də əvvəlki aylara nisbətən kifayət qədər aşağı düşüb. Bundan başqa, Paşinyan Errmənistanın müstəqil dövlət olmadığını, yəni forpost olduğunu anlayır. O, yaxşı başa düşür ki, Ermənistanın müstəqil daxili, nə də ki müstəqil xarici siyasəti var. Paşinyan ölkədə xalqın iradəsinin olmadığını da yaxşı anlayır.

Çünki Ermənistanda proseslərdə xalq yoxdur. Sadəcə olaraq, xaotik siyasi mühit formalaşıb. Buna görə də Paşinyan anlayır ki, əslində seçkilər hansısa dəyişikliyə səbəb olmayacaq.

Həmçinin Nikol Paşinyan seçkilərin saxtalaşdıracağı üçün bəri başdan müxalifəti aşağılamaqla, xalqın gözündən salmağa çalışır. Ən önəmli məqam odur ki, Ermənistanda keçmiş baş qərargah rəisi Onik Qasparyan ətrafında baş verən hadisələrdən də bəlli oldu ki, erməni generalitetinin içərisində də xarici güclərlə bağlı olan kifayət qədər yüksək rütbəli hərbiçilər var.

Buna görə də Nikol Paşinyan növbədənkənar seçkilərdən sonra siyasi və yaxud da hərbi çevrilişin olması ehtimalını həmişə ağlında saxlayır və bu ehtimala görə də bərk narahatlıq keçirir.

Məhz bu narahatçılığın fonunda Paşinyan başa düşür ki, hətta nə qədər seçkiləri saxtalaşdırsa da və nə qədər sosioloji sorğularda hələ də iqtidar olma ehtimalları görünsə də, Ermənistanda hər an siyasi və hərbi çevriliş senarisi baş verə bilər".