Azərbaycan Cənubi Qafqazda yeni situasiya yaradıb


Strateji tədbirlər ölkəmizin inkişafında yeni mərhələnin başlanmasına təkan olacaq


“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı Prezident İlham Əliyev yeni geostrateji reallıqlar fonunda regionun gələcək inkişafı ilə əlaqədar çox mühüm fikirlər səsləndirdi".  
Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. O  vurğulayıb ki, cənab Prezident çıxışı zamanı həm də bir sıra  aktual məsələləri diqqətə çatdırdı: "Ölkə başçısı respublikamızın mövqeyini bir daha qətiyyətlə ifadə etməklə yanaşı, Azərbaycanın perspektivə dair aydın strateji baxışlarının olduğunu nümayiş etdirdi.

Düşünürəm ki, Azərbaycanın milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi bölgədə dayanıqlı sülhün, nizamlı sabitliyin, etibarlı təhlükəsizliyin, dinamik inkişafın və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir”. 

Politoloqun sözlərinə görə, Azərbaycanın münaqişəyə hərbi-siyasi yolla son qoyması və öz ərazi bütövlüyünü təmin etməsi qlobal strateji önəm daşıyır:

“Azərbaycan Cənubi Qafqazda yeni situasiya yaradıb. Bununla da dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələlərinə yeni, ədalətli və konstruktiv yanaşmanın ortaya qoyulması zərurətini qlobal ictimai rəyin nəzərinə çatdırdı. Eyni zamanda, Azərbaycan regional inkişaf və inteqrasiya üçün təhlükəsizlik mühitinin yaradılmasının vacib şərt olduğunu bir daha sübuta yetirdi. Hesab edirəm ki, Azərbaycanın formalaşdırdığı yeni gerçəkliklər fonunda qarşılıqlı etimad mühiti yaradılacaq. Beləliklə, müxtəlif dövlətlərin iştirakı ilə ortaq platformada strateji işbirliyi və inteqrasiyanın təmin edilməsi, təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər vəd edir”.
 
Politoloq Azərbaycan dövlətinin bugünkü reallıqlar əsasında və gələcəyə hesablanmış addımlarından da bəhs edib. Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas strateji hədəflərdən biri işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin həyata keçirilməsidir ki, bu istiqamətdə də məqsədyönlü tədbirlər görülür:

“Düşünürəm ki, bu strateji tədbirlər təkcə həmin bölgələrin dirçəlişi deyil, həm də Azərbaycanın inkişafında yeni mərhələnin başlanmasına təkan olacaq. Bununla yanaşı, Azərbaycan regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpa olunması istiqamətində ardıcıl addımlar atmaqla həm özünün, həm tərəfdaşlarının mühüm siyasi-iqtisadi dividendlər qazanmasına əlverişli zəmin formalaşdıracaq”.