Daxili auditoriyanın maraqlarına cavab verir

"İranın Qərblə münasibətlərinin gərginləşməsi silah və müharibə fazasına keçməyəcək"

İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə proqramı üzrə birgə bəyanatının müddəti 1 aylıq uzadılıb. Bu, İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında öz əksini tapıb.Bəyanatda bildirilir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Avstriyanın Vyana şəhərində nüvə müzakirələri ilə paralel olaraq İran və AEBA arasında nəzarət məsələlərinin həlli üzrə texniki müzakirələrin davam etdiyini nəzərə alır. Bəyanatda əlavə olunur ki, İran və AEBA arasında əldə olunan İranın nüvə obyektlərində quraşdırılan nəzarət kameralarının məlumatlarının saxlanılması ilə əlaqədar 3 aylıq razılaşma bu gün (24 may) başa çatır.

Bəyanatda əlavə olunur ki, İranın Ali Milli Təhlükəsizlik Şurası İranın mənafeyinin qorunması və sanksiyaların ləğvi üzrə strateji addım qanununa əsasən İran tərəfindən əlavə protokolun icrasının dayandırılması prosesinin davam etdiyini qeyd edir. Qeyd edək ki, Avstriyanın Vyana şəhərində İranla 4+1 qrupu (Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında danışıqlar aparılır.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əhəd Məmmədli qeyd edib ki, zamanla müəyyən sanksiyalar olsa da, yaxın gələcəkdə ABŞ və İran münasibətlərinin nə sülh, nə də ki müharibə fazasına keçməsi gözlənilmir:

"Ümumiyyətlə, son dövrlər demokratlar hakimiyyətdə olduqca şahid oluruq ki, Amerika ilə İran münasibətləri danışıqlar yoluyla gedir. Ancaq Respublikaçılar gəldikdə isə tam əksinə. Təbii ki, Bayden hakimiyyətə gələndən sonra Amerika ilə İranın danışıqlar masasında oturacağı gözlənilirdi. Ümumiyyətlə, İran danışıqlara hazırdır. Çünki neçə illərdir ki, İran nüvə proqramını gücləndirir və atom ölkəsi olmağa çalışır. Ona görə də fikrimcə, İranın Qərblə münasibətlərinin gərginləşməsi silah və müharibə fazasına keçməyəcək".

Politoloq hesab edir ki, nə müharibə, nə də ki, sülh münasibəti müəyyən mövqedən İrana sərf edir:

"Fikrimcə, bu cür münasibət həm də Qərbə maraqlıdır. Çünki Amerikaya düşmənlər lazımdır ki, o öz hərbi potensialının, ordusunun müxtəlif regionlarda olduğunu öz daxili auditoriyasına göstərsin. Hesab edirəm ki, İranda nə vaxta qədər ki, mövcud rejim var, bu proses belə də davam edəcək. Hazırda isə bu cür vəziyyət həm Amerikanın, həm də İranın  daxili auditoriya maraqlarına cavab verir".