Turanın bir dili, bir media platforması olmalıdır

İlk rəqəmsal layihə ilə yanaşı gələcəkdə yeni platformalar da yaradılacaq



"Trend" informasiya agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub. İlk dəfə həyata keçirilən lahyihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və ana dili dəyərlərini əsas götürərək türk dünyasının həmrəy kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevrilməkdir. Bildiyiniz kimi, bu il fevralın 18-də, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqləyib. Memorandumun hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, o cümlədən, hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması olub. Səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib, ortaq media platformasının qurulması yolları müzakirə olunub. Eyni zamanda, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işlərin görüldüyü bildirilib. Həmçinin, ölkəmizin türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırladığı qeyd olunub. Bununla yanaşı, tədbir zamanı İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin qarşıda duran prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Cənab Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkə rəhbərlərinin diqqət mərkəzindədir. Bu qardaş ölkələr arasında həyatımızın bir çox səhələrində münasibətlərin daha da inkişaf etdirilməsində ortaq media platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır. 

Nadir proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir.

Qeyd olunub ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafının və təkmilləşməsinin əsasını təşkil edəcək. Eyni zamanda, nadir proqram təminatı sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər. Diqqətə çatdırılıb ki, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir. Layihə gələcəkdə daha da inkişaf edərək türkdilli ölkələr arasında media sahəsində körpü olacağına ümid edilir.

"Trend" informasiya agentliyinin nümayəndəsi Sahil Kərimli "Şərq"ə açıqlamasında bildirib ki, ilk dəfə həyata keçirilən layihənin əsas məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının ortaq kommunikasiya platformasını yaratmaqdır. S.Kərimli vurğulayıb ki, yeni yaradılan rəqəmsal platforma digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir:

"Bildiyiniz kimi, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin daim diqqət mərkəzindədir. Məlumdur ki, türkdilli ölkələr arasında əməkdaşlıq yalnız bu günün işi deyil. Yəni uzun illərdir ki, bu sahədə böyük işlər aparılır. Təbii ki, burada Azərbaycan və Türkiyə prezidentlərinin çox böyük rolunun olduğu danılmazdır. Bir müddətdir ki, türkdilli ölkələr arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çoxşaxəli əməkdaşlıq mövcuddur. Buna görə də bu qardaş ölkələr arasında həyatın bir çox sahələrində münasibətlərin daha da inkişaf etdirilməsi üçün ortaq media platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, türkdilli ölkələr arasında ortaq media platformasının yaradılması ideyasına öz töhfəmizi vermək qərarına gəldik. Bu məqsədlə "Trend" informasiya agentliyi Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəni (https://turkic.world) təqdim etdik".

S.Kərimli qeyd edib ki, bu, Azərbaycanda yaradılan ilk belə media layihəsidir:

"Yeni layihənin çox böyük imkanları olacaq. Çünki ilk növbədə proqram təminatımız buna imkan verir ki, digər türkdilli ölkələri də bu layihəyə cəlb edək. Artıq bu istiqamətdə işlər də aparılır. Yaxın vaxtlarda digər türkdilli ölkələr də bu layihəyə qoşula biləcəklər. Həmçinin türkdilli ölkələrin xəbər media qurumları öz ölkələri ilə bağlı xəbərləri bu layihədə bir çox dillərdə - rus, ingilis və digər dillərdə işıqlandıra biləcəklər. Yəni hədəflərimiz böyükdür. Biz gələcəkdə bu layihəni  daha da genişləndirmək niyyətindəyik.  Təbii ki, əsas məqsədimiz türkdilli ölkələrin, türk dünyasının haqq səsini dünyaya çatdırmaqdır.  Bilirsiniz ki, türkdilli ölkələrə qarşı dünyanın müxtəlif dairələrindən daim haqsız hücumlar olub. Təbii ki, gələcəkdə də bu haqsız hücumların qarşısını almaq və onlara layiqli cavab vermək üçün biz bu layihəni ərsəyə gətirdik.  Əminik ki, bu layihə türkdilli ölkələrin cəmlənməsi və birləşməsi üçün bir körpü rolunu oynayacaq".

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Şərq”ə vurğulayıb ki, Türkiyə-Azərbaycan media platformasının yaradılması ilə bağlı bir sıra istiqamətlərdə ciddi tədbirlər görülür. Baş redaktorun sözlərinə görə, Türkiyə-Azərbaycan və bütövlükdə türk dünyasının media platformasının real məzmun alması sevindiricidir:

“Trend" informasiya agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin bir sıra üstünlükləri var. Həmçinin, gələcək üçün daha böyük imkanların yaradılması nəzərdə tutulub. Şübhəsiz ki, bundan sonra da yeni platformalar yaradılacaq. Sevindirici haldır ki, “Türk Dünyası” layihəsi ilk gündən peşəkar, ciddi platforma kimi formalaşır. Qarşıya qoyulan hədəflər də bütövlükdə Türkiyə və Azərbaycanın, eyni zamanda bu iki dövlətin ideya birliyi üzərindən formalaşan türk dünyasının birliyinə, bütövlüyünə xidmət edir. Uğurlu bir addımdır, davamlı olmasını arzulayırıq”. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə vurğulayıb ki, ortaq media platformasının yaradılması türk dünyası mediasında önəmli və tarixi bir hadisədir. O bildirib ki, türk dünyasının media gücünün bu vahid platformada birləşməsi türk dünyası mediası qarşısında yeni üfüqlər açır:

"44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Media hər zaman mühüm rola malik olub. Yaradılan yeni media platforması türkdilli medianın inkişafına mühüm töhfə verəcək. Mən bu münasibətlə hər kəsi təbrik edirəm”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Şərq"ə açıqlamasında deyib ki, bu platforma ilə Türkiyə və Azərbaycan arasında medianın inkişafının yeni bir mərhələsi başlayır. Ə.Amaşov bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediasının böyük rolu var. 44 günlük Vətən müharibəsində də Türkiyə mətbuatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük önəm verdi. Hesab edirəm ki,  bu platforma türk dünyasında media əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcək”.