Banklar nağd valyuta alqı-satqısını azaldıb

İlk səbəb Mərkəzi Bankın valyuta satışına məhdudiyyətlər qoymasıdır


2021-ci ilin birinci rübündə Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını iki dəfə azaldıb. Bu barədə Mərkəzi Bankın pul-kredit siyasəti icmalına istinadən məlumat verir. Hesabat dövründə 1,1 milyard dollar həcmində nağd valyuta alqı-satqısı baş tutub. Bu əməliyyatlarda ABŞ dollarının payı 89 faiz təşkil edib. Bu ilin birinci rübündə Azərbaycanın nağdsız valyuta bazarı 5,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azdır. Bu məbləğin 85,6 faiz ABŞ dollarının payına düşüb. Mərkəzi Bankın hesabatına əsasən, yanvar-mart aylarında nağdsız əməliyyatların 69,4 faizi bankdaxili, 30,6 faizi banklararası valyuta bazarının payına düşüb. 

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə Azərbaycan banklarının nağd valyuta alqı-satqısı əməliyyatlarının azalması səbəbləri barədə danışıb. İqtisadçı qeyd edib ki, azalmanın baş verməsi bir sıra amillərlə bağlıdır:

"Bu, ilk növbədə o səbəbdən baş verib ki, Mərkəzi Bank bu bir il ərzində valyuta satışına kifayət qədər ciddi məhdudiyyətlər gətirib. Yəni hər bir Azərbaycan vətəndaşı 11700 dollardan əlavə il ərzində valyuta ala bilməz. Bundan başqa valyuta alarkən gəlir mənbələri haqqında heç bir qanuna əsaslanmayan arayışlar tələb olunur. Təbii ki, bu amil də çox ciddi təsir edir". 

N.Cəfərli qeyd edib ki,  ən böyük təsir sərhədlərin bağlı olmasıdır:

"Çünki turist səfərlərinin olmaması, sərhədlərin bağlı olması ilk növbədə nağd valyutaya, yəni nağd dollara və avroya olan tələbi xeyli dərəcədə azaldıb. Çünki pandemiyadan öncə 3 milyona yaxın Azərbaycan vətəndaşı xaricə il boyu səfər edirdi. Hər dəfə də nağd şəkildə valyuta-həm dollar, həm də avro aparırdı. Amma indi bu məhdudiyyətlər olduğuna indi nağd valyutaya tələbat kəskin azalıb".