Cənubi Qafqazda sabitləşdirici aktor Azərbaycandır

Baydenin məktubunda əksini tapmış bir sıra məqamlar reallıqların üzərinə növbəti dəfə işıq salır

Ötən gün Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən keçən 30 il ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışdıqları ifadə olunub. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq.

ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq. Sonda ABŞ Prezidenti Co Bayden Respublika Günü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini, ən xoş arzularını çatdırıb.

Politoloq Nurlan Qələndərli ABŞ Prezidenti Co Baydenin Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda əksini tapmış məsələlər və məqamlar barədə "Şərq"ə danışıb.  Politoloq qeyd edib ki, məktubda əksini tapmış bir sıra məqamlar reallıqların üzərinə növbəti dəfə işıq salır:

"Bir daha məlum olur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan dünyada böyük etimad qazanıb. Həmçinin, o, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Dünya siyasətinin güc mərkəzlərindən olan ABŞ Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. Eyni zamanda, Birləşmiş Ştatlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli əlaqələri və güclü tərəfdaşlığı yüksək qiymətləndirir”. 

Politoloqun sözlərinə görə, 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan Cənubi Qafqazda yeni və unikal əməkdaşlıq imkanları formalaşdırıb:

"Bununla yanaşı, Avrasiyanın yeni nəqliyyat və enerji xəritəsini yaradan Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə töhfələri güc mərkəzləri tərəfindən qlobal əhəmiyyətə malik strateji faktor kimi dəyərləndirilir.

Bəhs olunan məktubun geostrateji mahiyyətinə nəzər saldıqda bir daha bu qənaətə gəlmək olur ki, ölkəmizin təşəbbüsü və liderliyi ilə transmilli layihələrin reallaşdırılması, yeni əməkdaşlıq platformalarının yaradılması beynəlxalq siyasi və iqtisadi münasibətlərin dinamik inkişafı üçün strateji zəmin formalaşdırır. Habelə, yeni perspektivlər açır.

Eyni zamanda, Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə verdiyi önəm və əməkdaşlığı inkişaf etdirmək istəyi gələcəkdə siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən qarşılıqlı faydalı əlaqələrin yüksələn xətt üzrə inkişafına real zəmin yaradır”.