Bakıda bir çox bina sökülməlidir

Tezliklə tədbirlər görülməsə şəhərdə vəziyyət faciəvi həddi keçəcək

"Şəhərdə sanki ağackəsmə çempionatı gedir. Jurnalistlərin apardığı mübarizəyə baxmayaraq proses səngimir və bizim mübarizəmiz də əksər hallarda nəticəsiz qalır"


"Son 30 ildə Bakının həm şəhər arxitektura sistemi, həm də ekosistemi məhv edilib". 
 Bu fikirləri "Şərq"ə açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. Ekspert diqqətə çatdırıb ki, son illər Bakı şəhəri normadan 3 dəfə artıq yüklənib: "Paytaxtda hazırda qeyri-rəsmi olaraq azı 5 milyon insan yaşayır. Nəzərə alaq ki, sıx tikilən çoxmərtəbəli binalar, biznes obyektləri şəhəri hədsiz yükləyib.

Kommunal sistemlərini isə partlayış həddinə gətirib. Ümumiyyətlə, paytaxtda yaşıllıq sahəsi azalıb və ekoloji mühit pozulub. Şəhər nəqliyyatı isə ümumiyyətlə, iflic vəziyyətdədir. Konkret olaraq Bakı artıq yaşanılması mümkün olmayan şəhərə çevrilib. Təbii ki, bütün bunlar bir qrup adamın milyardlarla pul qazanması üçün həyata keçirilib. Təsəvvür edin, son 30 ildə şəhərdə əhalinin 3 dəfə artmasına baxmayaraq, yaşıllıq sahəsi azı 2 dəfə azalıb. Şəhərdə sanki ağackəsmə çempionatı gedir.

Jurnalistlərin apardığı mübarizəyə baxmayaraq proses səngimir və bizim mübarizəmiz də əksər hallarda nəticəsiz qalır. Kimlərsə günün günorta çağı heç kimdən qorxmadan sağlam ağacları qırıb tökür və yerində biznes obyekti tikir. Bu acgözlüyün, bivecliyin, bu ekoloji terrorun da bir həddi olmalıdır. Sıx-sıx tikilən bu “göydələnlər” şəhərdə hava axınlarını da dəyişib. Bəzi küçələrdə qasırğa olur, bəzisində heç yarpaq tərpənmir.  Hökumət paytaxtın yükünü azaldıb ölkənin digər şəhərlərinə paylamaq əvəzinə, Bakını daha da yükləməyə çalışır. Sanki bu ölkə yalnız paytaxtdan ibarətdir. Baxsınlar dünya şəhərlərinə, görsünlər şəhər necə olur. 10 ildir deyirlər ki, Baş plan hazırlanır. Hanı bəs? Bu anarxiyanı hansı planla həyata keçirmisiniz? Dar küçələrin hər iki tərəfinə nəhəng binalar düzəndə bilmirdinizmi, oraya girib-çıxmaq mümkün olmayacaq? Bu vəziyyəti yaradan şəxslər hamısı ağır cəzalandırılmalı, bütün əmlakları müsadirə olunmaqla həbs edilməlidir".

E.Bayramlı qeyd edib ki, təcili tədbirlər görülməsə tezliklə Bakıda vəziyyət faciəvi həddi keçəcək:

"Bir çox yeni binalar sökülməli, kommunal şəbəkələr, kanalizisiya sistemi təkmilləşdirilməli, yaşıllıq sahələri artırılmalıdır. Mərkəzdəki bəzi idarə və təşkilatlar, universistetlər kənara köçürülməlidir. Yaxşı olar ki, digər şəhərlərə. Bakı artıq maksimumadək doldurulmuş şara bənzəyir. Bir az da təzyiq kifayətdir ki, partlasın".