Bu dəfə qərar abituriyentlərin xeyrinədir

"İmtahanların iki dəfə keçirilməsi nəticələrin yaxşılaşdırılmasına gətirib çıxardacaq"


Bu il də ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçiriləcək. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib. M.Abbaszadə bildirib ki, imtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur, lakin koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalını nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur.

DİM sədri vurğulayıb ki, abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.

M.Abbaszadənin sözlərinə görə, bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər: “Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq”.



Təhsil eksperti Kamran Əsədov "Şərq"ə ali təhsil müəssisələrinə qəbul imtahanının iki mərhələdə keçirilməsi barədə danışıb. O qeyd edib ki, ötən il ali təhsil müəssisələrinə qəbul imtahanları pandemiya səbəbindən bir dəfə keçirilib:

"Qeyd edim ki, əvvəlki illərin təcrübəsində blok üzrə imtahanlar iki dəfə keçirilirdi. Bu da ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə nəticələrini yaxşılaşdırmağa imkan verirdi. Həm pandemiya, həm də müharibə şəraitinə görə ölkədə bu illəri kağız daşıyıcıları üzərində sınaq imtahanları keçirilmədi. Bu da abituriyentlərin bəzi vərdişləri mənimsəməsinə maneçilik törətdi.

Məsələn, abituriyentlərimiz əvvəllər sınaq imtahanları sayəsində imtahan prosesi ilə tanış olurdular.

Yəni imtahanda vaxt bölgüsü, fənlər üzrə cavablanma məsələləri, doğru cavabların cavab kartına köçürülməsi kimi bacarıqlara müəyyən qədər yiyələnə bilirdilər. Ancaq indi bu proses yoxdur. Ona görə də hesab edirəm ki, imtahanların iki dəfə keçirilməsi nəticələrin yaxşılaşdırılmasına gətirib çıxardacaq". 

K.Əsədov imtahanların ikinci mərhələsi ilə bağlı fikirlər səsləndirib:

"Ali təhsil müəssisələrinə ikinci qəbul imtahanında xidmət haqqı məsələsi burada ən önəmli faktordur. Yəni ikinci dəfə daha çox imkanı olan şəxslər bundan yararlana bilirlər.

Amma hər halda nəzərə alaq ki,  imtahanların iki dəfə keçirilməsi abituriyentlərin nəticələrini yaxşılaşdırmağa təkan verəcək. Təbii ki, bu da olduqca müsbət bir addımdır".