Həm pul axıdılır, həm də ziyanla işləyir

"İlk növbədə Azərbaycan hava məkanına xarici şirkətlərin maneəsiz daxil olması üçün strateji qərar verilməlidir"


AZAL uzun müddətdir ki, dünyanın ən bahalı aviaşirkəti adını özündə saxlayır. Sirr deyil ki, qiymətlərin baha olması ölkə turizminə də müəyyən qədər təsir edib. Ölkə əhalisinin imkanları xaricində satılan aviabiletlər, xidmət keyfiyyətinin aşağı olması, insanların bu qurumdan narazılığını illərdir ki, pik həddə çatdırıb.

Demək olar ki, hər kəs AZAL-ın monopoliyasına son! “rəqabətli mühit, ucuz biletlər istəyirik”! kimi şüarları öz ürəyində də olsa səsləndirir. Həqiqi rəqabət mühitinin olmaması və ölkəyə başqa aviaşirkətlərin buraxılmaması narazılığı daha da artırır. Qeyd edək ki, son günlər AZAL-la bağlı korrupsiya məsələləri də gündəmdədir.  Bəs görəsən, bu sadalanan narazılıqların qarşısının alınması üçün AZAL-la bağlı hansı strateji qərarlar qəbul olunmalıdır?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli  "Şərq"ə açıqlamasında qeyd edib ki, AZAL-ın qiymətlərinin bu qədər baha olması ilk növbədə ölkədə rəqabət mühitinin olmaması ilə bağlıdır. Onun sözlərinə görə, müştərinin seçim imkanı məhdud olduğuna görə AZAL istədiyi qiyməti "diktə edə bilir”:

"Qeyd edim ki, AZAL-da bu günləri qiymətlərin özü kifayət qədər ciddi narazıçılıqlar doğurur. Bu günləri pandemiya şəraitində insanların ən çox istifadə etdiyi istiqamət Türkiyədir. Burada qiymətlər qonşu Gürcüstanla müqayisədə az qala üç dəfə bahadır ki, bu da əhali arasında kifayət qədər ciddi narazılıqlar doğurur. Təbii ki, bu, ilk növbədə rəqabətsizlik mühitindən doğur. 

Bilirik ki, AZAL sərnişindaşıma və digər daşıma uğrunda təbii inhisarçıdır. Qeyd edim ki, digər şirkətlərin bazara daxil olmasında müəyyən əngəllər var. Bu əngəllər nəticəsində də AZAL öz qiymət diktəetmə siyasətini davam etdirir.

Biletlərin baha olmasına baxmayaraq, qeyd edim ki, AZAL hətta ziyanla işləyir. Hətta onlar ziyanla işləməkləri ilə bağlı 2018-ci ildə açıqlama da verdilər. Məsələn, 2018-ci ili şirkət 208 milyon ziyanla başa vurub. 2019-cu ilin məlumatları hələ təəssüf ki, açıqlanmayıb. Amma həmin ildə də ziyanla işlədiyi açıq-aydın şəkildə görünürdü. 2020-ci ildə isə tamamilə ziyanla işlədiyini özü öncədən bəyan etmişdi". 

N.Cəfərli vurğulayıb ki, Azərbaycan hava məkanına xarici şirkətlərin maneəsiz daxil olması üçün strateji qərarlar verilməlidir:

"Bilirsiniz ki, dövlət büdcəsindən AZAL-a əlavə dotasiyalar  ayrılıb. Həmçinin dövlət hesabına təyyarələr alınıb və hava limanları tikilib. Amma bütün bunlara baxmayaraq AZAL baha qiymətə sərnişinlərə bilet satırdı. Nəticədə özü də ziyanla işləyirdi.

Bütün bunlar onu göstərir ki, AZAL-ın idarəetməsi kifayət qədər bərbad vəziyyətdədir. Bu idarəetmənin çox pis olması, xərclərin optimal olmaması, rəqabətsizlik mühiti sərnişinlərə ciddi ziyan vurmaqda davam edir. Bunun çıxış yolu təbii ki, rəqabətin, mühitin genişlənməsidir.

Buna görə də dövlətin bu istiqamətdə müəyyən bir qərar alması vacibdir. İlk növbədə Azərbaycan hava məkanına xarici şirkətlərin maneəsiz daxil olması üçün strateji qərar verilməlidir. Hesab edirəm ki, ilkin mərhələdə Azərbaycanın müxtəlif regionlarında tikilmiş, amma bu günə qədər istifadə olunmamış  hava limanlarından başlamaq olar.

Qeyd edim ki, Lənkəranda, Qəbələdə, Zaqatalada, Gəncədəki hava limanlarının tikilməsi üçün  10 milyonlarla vəsait xərclənib. Amma çox təəssüf ki, onlardan normal istifadə olunmur.

  İndi işğaldan azad olunmuş bölgələrimizdə də müasir hava limanları tikilir. Bu onu göstərir ki, digər hava limanına ayrılan vəsaitlər kimi bu vəsaitlərin də boşa xərclənməməsi üçün həmin hava limanlarına, heç olmasa, ilkin mərhələdə xarici şirkətlərin maneəsiz daxil olmasına şərait yaradılsın. Hesab edirəm ki, rəqabətli mühit yaransa,  AZAL-da məcburən  bu rəqabətə uyğunlaşaraq qiymət siyasətini aparmalı olacaq, ya da ki bazardakı payını yavaş-yavaş itirməyə başlayacaq. Ona görə də AZAL-la bağlı strateji qərar rəqabətli mühitin genişlənməsindən keçir".