Təhsildə yeni mərhələ başlayır

İKT ixtisaslarının öyrədilməsinə üstünlük veriləcək

Təhsil eksperti Türkiyənin dəstəyi ilə peşə təhsil müəssisələrinin yaradılmasını alqışlayır


Milli Məclisin Elm və təhsil komitəsinin keçiriləcək iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə ediləcək. Protokola əsasən, Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisələri yaradılacaq.

Protokola əsasən, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər. Protokolun komitə iclasında müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunması nəzərdə tutulur.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, iki ölkə arasında peşə təhsil müəssisələrinin yaradılmasını alqışlayır. O, diqqətə çatdırıb ki, bu, peşə təhsil müəssisələrinin açılması gələcəkdə ölkə iqtisadiyyatının inkişafına öz mühüm töhfəsini verəcək:

"Qeyd edim ki, Türkiyə ilə Azərbaycan arasında Anadolu Peşə Təhsil Müəssisəsinin açılması nəzərdə tutulur. Bu olduqca vacib bir addımdır. Çünki çox təəssüf ki, Azərbaycanda son illər peşə təhsil müəssisələrinin fəaliyyəti qənaətbəxş deyil. Maddi-texniki bazası, o cümlədən kadr potensialı müasir dövrün tələblərinə cavab vermir.

Ona görə məhz peşə təhsil sayəsində dünyada Cənubi Koreyadan, Sinqapurdan sonra yüksəklərdə olan Türkiyənin Azərbaycanda bu tipli təhsil müəssisəsində açılmasında iştirakı olduqca müsbət bir addımdır.

Azərbaycanda açılacaq bu peşə təhsil müəssisəsində daha çox İKT ixtisaslarının öyrədilməsi üstünlük təşkil edəcək. Bundan başqa burda turizm və tekstil sahəsində ixtisasların açılması da gözlənilir. Bu günləri Azərbaycanda cihazqayırma, maşın ustası və s. kimi ixtisaslara daha çox ehtiyac var. Türkiyədə isə həmin sahələr olduqca inkişaf edib". 

Təhsil eksperti hesab edir ki, Azərbaycan və Türkiyə təcrübəsində bu tipli təhsil müəssisəsinin açılması ölkəmizdə peşə təhsil müəssisələri arasında rəqabət mühitini artıracaq:

"Bu peşə təhsil müəssisələri olduqca müsbət nəticələrə gətirib çıxaracaq. Etiraf edək ki, bu gün Azərbaycanda keyfiyyətli və əmək bazarının tələbinə cavab verən kadr potensalı hazırlanmır. Buna görə də bu peşə təhsil müəssisələri müsbət və yeni tendensiyanın, mərhələnin başlanğıcı olacaq".