Ermənistanda səfərbərlik çağırışları blefdir


Daxildə baş verən siyasi hərc-mərclikdən və xaosdan diqqəti yayındırmaq üçün bu tipli açıqlamalar verilir


Ermənistanda yenidən hərbi vəziyyət tətbiq edilə bilər. Bu barədə Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan bildirib. Onun sözlərinə görə, sərhəddə vəziyyət gərginləşərsə, hərbi vəziyyətin tətbiqi istisna deyil. Koçaryan əlavə edib ki, səfərbərlik resurslarını qaydaya salmağın və hadisələrin hər cür inkişafına hazır olmağın vaxtı çatıb:

“Sərhədlərdə gərginlik artdı və daha da gərginləşməməyə çalışmalıyıq. Gələcəkdə gərginliyin qarşısını almaq üçün silahlı qüvvələrin idarə olunmasını artırmaq və həqiqi bir səfərbərlik resursu formalaşdırmaq lazımdır”.

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında qeyd edib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bu tipli açıqlamaların verilməsi normaldır. Politoloq qeyd edib ki, bununla Ermənistan ölkə xalqının fikrini başqa məsələlərlə məşğul etməyə çalışır:

"Hesab edirəm ki, Ermənistan dövləti daxildə baş verən siyasi hərc-mərclikdən və xaosdan diqqəti yayındırmaq üçün bu tipli açıqlamalar verir. Çünki Ermənistan iqtidarı real xalqın dəstəyindən məhrum olduğunu yaxşı başa düşür. Və seçkiqabağı situasiyanın gərginləşəcəyini bildiyi üçün bu tipli açıqlamalarla gündəmi dəyişməyə çalışır. Bundan əlavə, bildiyiniz kimi, hazırda beynəlxalq aləmin özündə Ermənistanla bağlı ciddi bir narahatlıq hökm sürür. Çünki Ermənistanın yığıb bezdirmədiyi, yalvarmadığı demək olar ki, dövlət başçısı və beynəlxalq təşkilat qalmayıb. Bütün beynəlxalq təşkilatlardan əli üzülən Ermənistan indi də sərhəddə hansısa təxribatlar törədərək, hərbi rejimlə bağlı qondarma açıqlamalar verir. Bununla da o, daxili siyasi gərginlikdən ictimaiyyətin fikrini yayındırmağa və ölkə xalqını başqa məsələlərlə məşğul etmək niyyətindədir".