Zəngəzur dəhlizi açılarsa...“İranın maliyyə qaynağı əlindən çıxacaq”

“Azərbaycanın onlarca dövləti olub, ancaq, bəlkə də, heç bir dövlətin ermənilər kimi rəzil düşməni olmayıb. Ümumiyyətlə, ermənilər uydurmalarına baxmayaraq, heç vaxt dövlət sahibi olmayıblar”.

 Bu sözləri hərbi-siyasi ekspert Həşim Səhrablı deyib. 

 O, “Sherg.az”a açıqlamasında baş verənlərin tarixi köklərindən söz açdı:

 “İndiki dövlətləri 1918-ci ildə qurulub. Azərbaycan və Ermənistan dövlətlərinin elanından bu günədək iki ölkə arasında sərhədlərin toxunulmazlığı nəinki mümkün olub, heç bir halda sakitlik də mümkün olmayıb. Hamısının əsas səbəbi Rusiya faktoru və onun Qriqoryanlara həm dini yaxınlığı, həm də türk dünyasının arasında əngəl proyekti kimi baxması olub. Düzdür, eyni plan Qərb dövlətləri tərəfindən də həyata keçirilmək istənilib, ancaq ruslar "kim erməniləri ram edəcək" savaşında Qərbə qalib gələrək, həm Osmanlı- sonradan Türkiyə, həm də Azərbaycan əleyhinə proyekt-silah kimi istifadə edib. Ermənilər də bunun qarşılığında indiki sərhədləri qədər geniş ərazilərə sahibləndilər”. 

 H.Səhrablı, həmçinin regionun gələcəyi barədə proqnozlarını da bölüşdü: 

“Paşinyan isə erməniləri köləlikdən, yəni Rusiya təbəəliyindən xilas etmək istəyərkən özü də bilmədən ən böyük havadarları ilə Ermənistan dövlətini tərs mütənasib yollara saldı. İndi keçmiş prezident Ter-Petrosyan demiş, Ermənistan dövlətinin taleyi böyük risk altındadır. Siyasi məsələlər elədir ki, bəzən dünyanın ən güclüsü, regionun ən güclülərinə qarşı çarəsiz qalır və ermənilər, onların şovinist duyğuları, özlərini hər şeyin öhdəsindən gələcək ali irq görməsi bu reallığı başa düşmələrini əngəllədi. Hazırda isə Rusiyanın türk dünyası ilə əlaqələri genişlədikcə, türk dünyasının dəstəyinə gərəyi artdıqca, bölgədə erməni terrorizmini qorumaq havadarlığı digər terror dövləti İrana qalır.

Qərb-ABŞ heç bir halda Cənubi Qafqazda nəyisə dəyişəcək iqtidarda deyil. İran isə çox yaxşı anlayır ki, proyekt Ermənistan dövlətinin süqutu, ən azından Zəngəzurun işğaldan azad edilməsi ehtimalında İranın dəstəklədiyi terrorizmin maliyyə qaynağı əlindən çıxacaq”.