Gürcüstan parlamentində azərbaycanlı deputatların sayı 3 nəfər oldu


Soydaşlarımızın qanunvericilik hakimiyyətində təmsil olunması müsbət hadisədir


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) parlamentə daxil olmaq barədə qərarından sonra qanunverici orqanda təmsil olunacaq azərbaycanlı deputatların sayı 3-ə çatıb. Üçüncü deputat VMHP-nin təmsil olunduğu "Güc birlikdədir" birliyinin proporsional siyahısı üzrə mandat əldə edən Abdulla İsmayılovdur. Qonşu ölkənin X çağırış parlamentində indiyədək iki soydaşımız kürsü tutub.

Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyevdir. Qeyd edək ki, VMHP qanunverici orqanda 36 mandat əldə edib. Seçkilərdə partiyanın siyahısında ilk yerdə məşhur gürcü aktyor və müğənni Vaxtanq Kikabidze olub. Onun parlamentdə təmsil olunub-olunmayacağı hələ məlum deyil.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural ismayılov "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstan Azərbaycanla dost dövlətdir.  Politoloq vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında mühüm siyasi və strateji münasibətlər var:

"Eyni zamanda Azərbaycanın geopolitik güc olmaq baxımından qərblə reallaşdırdığı bir sıra iqtisadi layihələr və tranzit yollarında Gürcüstan dövlət olaraq mühüm rol oynayır. Həm də Gürcüstan vətəndaşı olan xeyli sayda azərbaycanlı soydaşlarımız var. Bu baxımdan Gürcüstan parlamentində azərbaycanlı millət vəkillərinin sayının artması labüddür. Düşünürəm ki, lazımlı idi. Eyni zamanda hər üç millət vəkili müxtəlif siyasi qrupları təmsil edirlər. Bundan əlavə, xaricdə yaşayan azərbaycanlıların dost və qardaş ölkələrdə siyasi proseslərdə fəal iştirak etməsi həmin dövlətlərlə ölkəmizin münasibətlərinin daha da dərinləşməsinə və inteqrasiya prosesinə daha sürətlənməsinə yol açır. Bu baxımdan Gürcüstanla Azərbaycan arasındakı münasibətlərin post pandemiya dönəmində daha da dərinləşəcəyini nəzərə alsaq, Gürcüstan vətəndaşı olan azərbaycanlı soydaşlarımızın Gürcüstan qanunvericilik hakimiyyətində təmsil olunması və mandat alması bizim üçün də xüsusi əhəmiyyətə malikdir. Qeyd edim ki, indiyə qədər Azərbaycanla Gürcüstan arasında əlaqələrin daha da güclənməsində Gürcüstanın azərbaycanlı millət vəkillərinin fəal rolu olub. Düşünürəm ki, bundan sonra da bu münasibətlər davam edəcək. Hətta  ümumiyyətlə, gələcəkdə Gürcüstan parlamentində azərbaycanlı millət vəkillərinin sayının daha da çox olmasını arzu edirəm. Düşünürəm ki, bu proses də baş verəcək".

T.İsmayılov müxalifətin seçki ilə bağlı mövqe dəyişməsinə də münasibət bildirib: 

"Qeyd edim ki, Gürcüstanda müxalifətlə iqtidar arasında uzun müddətdir ki, dialoq aparılırdı. Müxalifətin parlamentdə təmsil olunması ilə bağlı Gürcüstan iqtidarı dəfələrlə çağırışlar eləmişdi. Amma müəyyən məsələlərdə fikir ayrılıqları mövcud idi. Daha sonra Gürcüstan iqtidarı tərəfindən siyasi qərarlar verildi. Müxalifətlə konstruktiv dialoqların davam etdirilməsi qarşıya məqsəd qoyuldu.

Təbii ki, ölkə iqtidarı tərəfindən belə  bir siyasi nümayiş etdiriləndən sonra Gürcüstanın parlamentdə mandat qazanan müxalifət təmsilçilərinin də əlavə arqumentləri  qalmadı. Təbii ki, bundan sonra normal siyasi münasibətlər sistemində siyasi  müxalifətçilik ənənələrini qanunverici hakimiyyətdə davam etdirəcəklər.

Bu baxımdan düşünürəm ki, Gürcüstanda siyasi qüvvələr arasında konstruktiv dialoqun  bərpa olunması və nəticə verməsi kifayət qədər müsbət örnəkdir".