Müharibə ehtimalı real deyil...

Rusların həmişə imperiya maraqları olub

Putin bu psixologiyadan məharətlə istifadə edir


“Rusiya ilin sonunadək Qərb hərbi dairəsində 20-yə yaxın yeni birlik və hərbi hissə yaradacaq”. Bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, bu, başda ABŞ olmaqla NATO-nun Rusiya sərhədlərində fəallaşmasına cavab olacaq.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əhəd Məmmədli deyib ki, Rusiyanın qərb sərhədlərində 20-yə yaxın hərbi baza yaratması daxilə hesablanmış bir ritorikadır.

Politoloq qeyd edib ki, Rusiyanın həmişə bir dövlət olaraq mövcudluğu xarici düşmənlə mübarizədə olub:

"İlk növbədə qeyd edim ki, Rusiyanın hərbi baza yaratmaq istəyi daxili auditoriyaya hesablanıb. Düzdür, Rusiya Qərblə qarşıdurmadadır. Amma fikrimcə, Qərbin Rusiyaya qarşı müharibə etməklə bağlı hər hansı bir planı yoxdur.

Buna görə də, hesab edirəm ki, bu daxili auditoriyanın fikrini daxili problemlərdən yayındırmaq üçündür. Çünki Rusiya həmişə xalqın fikrini xarici düşmənlərə yönəltməkdə maraqlıdır.

Düzdür, o düşmən mövcuddur, amma Rusiya onu həddindən artıq şişirdir.

Rusiya bu addımı ilə onu əsas götürür ki, biz hərbiyə külli miqdarda xərclər edirik. Yəni dövlətin daxili problemlərindən daha çox xarici problemlər üst plandadır. Rusiya bu addımı ilə daxili problemləri unutdurmağa və həll edilməməsi üçün bəhanə tapmağa çalışır.

Rusiya yarandığı dövrdən ona imperiya maraqlı olub. Putin də rusların bu psixologiyasından məharətlə istifadə etməkdədir".