Xalq artistindən ETİRAF: “Müğənnilərin həyatı hər zaman parlaq olmur”

“Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma artıq işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqramda xalq artisti Zülfiyyə Xanbabayeva yazıb. O fikirlərinə bunları da əlavə edib:
“On beş-iyirmi il öncə tamaşaçılar bizi yalnız televiziyada görürdülər, şərhlərin yazılmasına tribuna yox idi. Zamanla rəylərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm! Bunları təkcə özüm üçün yox, özümü başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz - müğənnilərin həyatı şəkillərdə görməyə alışdığınız kimi, hər zaman gözqamaşdıran və parlaq olmur. Bizim də problemlərimiz, “Nə edim? Necə edim?” düşünürək çarəsiz qaldığımız zamanlar olur. Lakin biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu bizim işimizdir! Ən xoşbəxt və ya ən kədərli anlarınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir. Əlbəttə, səhvlərimiz də olur, heyif ki, göz qabağında olduğumuzdan o səhvlər bağışlanmır. Sizin dəstəyinizi ummağımız məncə, çox təbiidir. Yazdıqlarım mənim İnstaqram dostlarıma aid deyil, əsla! Hamı sizin qədər sevgi paylaşmır. Sadəcə sosial şəbəkələrdəki ab-havanı müşahidə edib, dərdləşdim sizinlə. Ürəyimdən gəldi”.