Dövlət Dumasının sədri minnət qoyur

Volodin demək istəyir ki, SSRİ olmasaydı Ukrayna və Baltikyanı ölkələr Almaniyanın əsarəti altında olacaqdı


"Doğrudur, İkinci Dünya müharibəsində müəyyən mənada bu ölkələr qorundu. Ancaq onu da nəzərə alaq ki, təkcə Azərbaycandan 600 min oğul və qız müharibədə iştirak etmişdir ki, bundan da 300 mini geriyə  qayıtmamışdır"

"Keçmiş sosialist düşərgənin ölkələri, eləcə də Ukrayna və Baltikyanı ölkələr Rusiyaya çox şeyə borcludurlar və ona hər şeyə görə minnətdar olmalıdırlar". Bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında paylaşıb. “Bu dövlətlər sosialist ölkələri siyahısına daxil olanda başqalarının hesabına yaşamağa vərdiş ediblər. Vərdişləri hələ də qalıb. Onların suverenliyi və müstəqilliyi sözdə yox, əməldə olmasaydı, bu saxlanmazdı. Rusiya bu ölkələrə heç nə borclu deyil, amma onlar borcludurlar”, – deyə o bildirib. Volodinin sözlərinə görə, bu ölkələr məhz Rusiyanın SSRİ-nin borclarını ödəməyi üzərinə götürdüyünü unutmamalıdırlar.

Mövzuya münasibət bildirən politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Volodin bu açıqlamasıyla ümumiyyətlə, bütün SSRİ-ni təşkil edən respublikaları, yəni postsovet məkanında olan bütün ölkələri nəzərdə tutur. Politoloq qeyd edib ki, bu da onunla bağlıdır ki, həmin ölkələrin elmi, mədəni və texnoloji inkişafı bilavasitə Rusiya ilə əlaqəlidir:

"Rusiya dolayısıyla həmin bölgələrin və ölkələrin inkişafında ciddi rol oynayıb. Yəni onlara böyük maliyyələr, vəsaitlər xərcləyib.  Ayrıca həmin ölkələrin təhlükəsizlik məsələsində də Rusiya dolayısıyla iştirak edib. Volodin bu açıqlamasıyla həm də İkinci Dünya müharibəsi dönəmində almanların az qala bütün Avropanı və Avrasiyanı işğal etməsi hadisəsindən bu bölgələrin qoruması məsələsini əsasən hədəf seçir. Çünki bildiyiniz kimi, SSRİ olmasaydı, həqiqətən də Baltikyanı ölkələr, eyni zamanda Ukrayna Almaniyanın əsarəti altında olacaqdı. Doğrudur, gələcək perspektiv necə ola bilərdi barədə hələlik, bunu müəyyən etmək, proqnozlaşdırmaq o qədər də asan deyil. Ancaq hər bir halda irqçi, şovinist bir hakimiyyətdən və dövlətdən söhbət gedirdi. Yəni 1939-45-ci illər arasında Almaniyadakı faşizm rejiminin bütün dünyanın başına açdığı oyunları kimsə unutmayıb. Fikrimcə, bu məsələlərin içərisində Volodin bir də bu məsələni xüsusilə nəzərdə tutub. Çünki Ukraynanın böyük əksəriyyəti alman faşist dövləti tərəfindən zəbt olunmuşdur.

Eyni zamanda Baltikyanı ölkələr də alman faşistlərinin işğalı altında idi. Söhbət ondan gedir ki, bu işğal faktı qurtarandan sonra Ukrayna və Baltikyanı ölkələr dolayısıyla SSR-nin işğalı altında qaldı.

Qeyd edim ki, Avropa çox sürətlə inkişaf edərkən bu ölkələr, açığı, SSR-nin tərkib hissəsində o qədər də inkişaf edə bilmədilər. Çünki SSR-də avtoritet bir idarəetmə üsulu hökmran idi. Və İkinci Dünya müharibəsindən sonra, yəni  1953-cü ilə qədər həqiqətən də Stalin zülmü altında bu respublikalar əzilməyə davam edirdi. Daha sonra bu ölkələr Xruşşov dönəmində bir acılıq dövrünü yaşadı. Xatırladım ki, Ukraynada 3 milyondan yuxarı insanlar yalnız aclıq, səfalət içində məhv oldular. Hesab edirəm ki, Volodin bu faktları da nəzərdən qaçırmayıb. Ona görə də düşünürəm ki, bu bir minnət payıdır". 

N.Miri qeyd edib ki, SSR-nin bu ölkələrə verdiyi töhfə o qədər də böyük deyil:

"Doğrudur, İkinci Dünya müharibəsində müəyyən mənada bu ölkələr qorundu. Ancaq onu da nəzərə alaq ki, təkcə Azərbaycandan 600 min oğul və qız müharibədə iştirak etmişdir ki, bundan da 300 mini geriyə  qayıtmamışdır. Ayrıca müharibə təkcə elə-belə udulmamışdır. Bilirsiniz ki, Azərbaycanın nefti olmasaydı, SSRİ həqiqətən də alman faşizm ordusu qarşısında dirənə bilməzdi".