Türkdilli dövlətlər varlanacaq

Yeni nəqliyyat marşrutunun açılması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi iqtisadi imkanları genişləndirəcək

"Bu da təbii ki, bir tərəfdən regionda beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək"


Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. Bu türkdilli ölkələrin ticarət və nəqliyyat sahəsində əməkdaşlığının qurulması üçün böyük potensialdır. Bu yeni nəqliyyat marşrutu türkdilli ölkələr üçün çox əhəmiyyətlidir. Yeni nəqliyyat dəhlizinin əhəmiyyəti barədə Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə danışıb. 

Deputat bildirib ki, 44 günlük müharibədən sonra regionda yeni bir düzən formalaşıb. O qeyd edib ki, xüsusən kommunikasiyanın bərpa edilməsi və Zəngəzur dəhlizinin istifadəyə verilməsi yeni əlaqələrin formalaşmasına təkan verəcək: "Kommunikasiyanın bərpa edilməsi və Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı aparılan danışıqlar Azərbaycan-Türkiyə, eyni zamanda digər türkdilli ölkələr arasında yeni kommunikasiya əlaqəsinin formalaşmasına imkan verəcək. Bu, Azərbaycan-Türkiyə arasında quru nəqliyyatın bərpa edilməsi, eyni zamanda türkdilli ölkələrin birləşdirilməsi baxımından da vacib bir layihədir. Nəzərə alsaq ki, söhbət 1,1 trilyon dollarlıq ümumdaxili məhsulu olan regionun, türk dünyasının məhz Zəngəzur dəhlizi vasitəsilə birləşməsindən gedir. Bu da təbii ki, bir tərəfdən regionda beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək. Nəticə etibarı ilə türkdilli dövlətlər bu əlaqələrdə yeni kommunikasiyaların qurulmasından gəlir əldə etmək, iqtisadiyyatlarını daha çox inkişaf etdirmək imkanlarına malik olacaqlar".

V.Bayramov qeyd edib ki, yeni nəqliyyat-kommunikasiya dəhlizinin, şərq-qərb beynəlxalq nəqliyyat dəhlizinin inteqrasiya olunması region üzərindən daşınan yüklərin həcminin kəskin artmasına imkan verəcək:

"Nəzərə alsaq ki, region ölkələri beynəlxalq yükdaşımalarla bağlı vahid siyasət həyata keçirməklə bağlı danışıqlar aparırlar və bir sıra anlaşmalar var. Bu da beynəlxalq yükdaşımalarda regionun payının və rolunun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. O baxımdan yeni mərhələdə biz türkdilli ölkələr arasında yalnız nəqliyyat deyil, eyni zamanda iqtisadi əlaqələrin daha da genişlənməsini görə biləcəyik. Həmçinin regionun və bütövlükdə türk dünyasının beynəlxalq yükdaşımalarda payının daha da artmasını müşahidə edəcəyik".