"Qara göbələk" Türkiyənin sərhədlərinə yaxınlaşdı

Xəstəni xilas etməyin yeganə yolu gözünü çıxarmaqdır

Koronavirus pandemiyası ilə fəlakət yaşayan Hindistan ölkədə sürətlə yayılan və ölümcül "qara göbələk" xəstəliyi ilə əlaqədar daha çətin vəziyyətə düşüb.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, nadir görülən bu infeksiyanın ölüm riskinin 50 faiz olduğu qeyd edilib. Bildirilib ki, həmin infeksiyadan hazırda Hindistanda minlərlə insan əziyyət çəkməkdədir.

Həkimlər bunun "COVİD"in müalicəsində istifadə edilən steroidlərlə əlaqəli olduğunu söyləyirlər. BBC-yə danışan həkimlər, qara göbələk infeksiyasının koronavirus xəstələrində sağalmadan 12-18 gün sonra meydana gəldiyini bildiriblər. Onlar bu səbəbdən xəstələrin müalicəsi üçün yaradılan yeni mərkəzlərin sürətlə dolduğunu söyləyiblər. Qeyd olunub ki, belə xəstələrin 80 faizinin təcili əməliyyata ehtiyacı var.

Bundan başqa daha bir qorxunc xəbərlər Türkiyənin cənub-şərq qonşusu olan İraqdan gəlib. İraqın cənubundakı Zikar vilayətinin baş direktoru Səddam Et-Tavil yerli mətbuata verdiyi açıqlamasında mərkəz Nəsiriyada ölən bir insanda qara göbələk infeksiyası aşkar edildiyini deyib. O, həmin infeksiyanın ölümcül və qalıcı deformasiyalara səbəb olduğunu da vurğulayıb:

"Bu infeksiyanın artım nisbəti onun "təhlükəli bir epidemiya" səviyyəsinə çatma riskini artırır. Xəstəliyin simptomları arasında qaralma və ya rəng dəyişikliyi, bulanıq və ya ikiqat görmə, sinə ağrısı, tənəffüs çətinliyi və qanla öskürək müşahidə olunur. Hətta bu xəstəlikdən 20 yaşlarında hər iki gözünü itirən xəstələr də var". 

O bildirib ki, qara göbələk xəstəliyi çox nadirdir:

"Qara göbələk sinuslara, beyinə və ağ ciyərlərə təsir edir. Qara göbələk infeksiyası şəkərli diabet xəstələrində və ya xərçəng xəstələrinin həyatı üçün çox təhlükəlidir". Doktor Aksa Nair Vankhede isə bildirib ki, xəstələrin həyatını xilas etmək üçün yeganə seçim insanların gözünü çıxarmaqdır. Çünki əgər sinirləri və göz qapaqları da daxil olmaqla bütün toxumaları çıxarmazsa, infeksiya beyinə soxula bilər. Bu vəziyyətdə xəstələrin həyatını xilas etmək qeyri-mümkündür".