Əhməd Cavadın böyük nəvəsindən maraqlı faktlar – “Atam o ocağı geri qaytarmaq istədi, lakin...”

Xəbər verdiyimiz kimi, dövlət himnimizin müəllifi, istiqlal şairi Əhməd Cavadın ata yurdunun yararsız vəziyyətdə olması ilə bağlı məlumatlar həqiqəti əks etdirməyib. Mədəniyyət Nazirliyindən verilən açıqlamada bildirilib ki, iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb.
Eyni zamanda Ə.Cavadın nəvəsi Anar Axundzadə “Sherg.az”a açıqlamasında yayılan informasiyaların yalan olduğunu söyləyib. A.Axundzadə qeyd edib ki, sözügedən ev babasına məxsus olmayıb və Ə.Cavad  5 yaşında olandan həmin evdən çıxıb.

Görkəmli şairimizin böyük nəvəsi Bağırova Almaz Niyazi qızı “Sherg.az”a açıqlamasında babasının əsl evi barədə maraqlı faktları qeyd edib:

“1930-cu illərin əvvəllərində babam Əhməd Cavad tutulduqda Tovuzun Mansırlı kəndindəki evi müsadirə edilərək poçtda işləyən bir kəndlinin ixtiyarına verilib. Sonra həmin şəxs buranı dağıdaraq yerində birmərtəbəli ev tikib.

Bunlar hamısını mənə Ə.Cavadın böyük oğlu, yəni atam Niyazi söyləyib.

Atam cəbhədən qayıtdıqdan sonra həmin ocağı geri qaytarmaq istədi, lakin ona icazə verilmədi. Çünki “xalq düşməni” nin oğlu idi. Ona görə də atam qardaşı Aydınla birlikdə torpaq sahəsi alıb, Şəmkirin Aşağı Seyfəli kəndində birmərtəbəli ev tikib. 1980-ci ilin sonu 1990-cı illərin əvvəllərində kiçik əmim Yılmaz bu evi və torpaq sahəsini orada yaşayan insanlardan almaq istəsə də, həmin adamlar bundan imtina ediblər”.