"Bütövlükdə medianın siması dəyişəcək" - Baş redaktor

"Son müsabiqədə yer alan qaydalar media sektorunda həyata keçirilən islahatların davamı və islahatların yeni mərhələsinə hazırlıq kimi dəyərləndirilməlidir"

Azərbaycan mediasının inkişaf etdirilməsi hazırda dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi media sektorunun da hazırda yenilənməyə, təkmilləşməyə və peşəkarlaşmağa ehtiyacı var.
Məhz bu səbəbdən Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı. Sözügedən fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Təbii ki, bu addım media cameəsində yüksək rəğbətlə qarşılandı. Çünki hər kəs mediada, xüsusən də mediaya dəstək sahəsində ciddi islahatlara ehtiyac görürdü. Beləliklə, MEDİA artıq fəaliyyətə başlayıb. Təbii ki, ilkin mərhələdə bu sahədəki mövcud problemləri öyrənilir, xüsusən də qanunvericiliyin təkmilləşdirilməsi üçün işlər aparılır. Güman ki, yaxın vaxtlarda "Kütləvi İnformasiya Vasitələri haqqında" yeni qanun layihəsi ölkə parlamentinə təqdim olunacaq. Bununla yanaşı, MEDİA artıq kütləvi informasiya vasitələrinə (KİV) dəstək məqsədilə bir neçə müsabiqə elan edib. Qəzetlərlə yanaşı, bu gün agentlik ilk dəfə olaraq onlayn mediaya yardım üçün də müsabiqə elan etdi.

Mövzu ilə bağlı fikirlərini bildirən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, Medianın İnkişafı Agentliyinin çap mediası subyektləri ilə bağlı son müsabiqə elanı bu sahədə gözlənilən islahatların sistemli bir şəkildə davam etdiriləcəyinə əminlik yaradır:

"Proses barədə fikirlərimi konkret istiqamətlər üzrə ifadə etməzdən öncə islahat anlayışının özünə subyektiv münasibətimi sərgiləmək istəyirəm. Təəssüf ki, bir çox cəmiyyətlərdə, xüsusilə də SSRİ kimi totalitar idarəçilik sisteminin “şinelindən” çıxan ölkələrdə islahat anlayışı köhnənin məhv edilməsi və onun xarabalıqları üzərindən, əksər hallarda konseptual əsaslara malik olmayan, xaotik cizgilər toplusundan ibarət “yeni”sinin yaradılması kimi qəbul edilir. Nebolşevik təfəkkürdən qaynaqlanan bu “proletkultçu” yanaşmaya görə dünya iki rəngdən – ağ və qaradan ibarətdir. “Köhnə”, hansı əsaslar üzərində dayandığından və hansı inkişaf mərhələlərindən keçməsindən asılı olmayaraq qara, “yeni” isə bütün hallarda ağ-appaq, qar kimidir. Məhz bu yanaşma, şərti olaraq postsosialist məkan (keçmiş SSRİ respublikaları və Varşava Müqaviləsi ölkələri) adlandırdığımız ərazidə yerləşən dövlətlərin əksəriyyətində islahatların həyata keçirilməsinə və effektiv nəticələrə gətirib çıxarmasına ciddi maneə yaradan əsas amil kimi dəyərləndirilə bilər. 1990-ci illərin əvvəllərində Rusiyada, daha sonra isə Polşa və digər postsosialist ölkələrində “şok terapiyası” adı altında həyata keçirilən islahatların daha acınacaqlı nəticələrə gətirib çıxarması da bunu sübuta yetirir. Radikalizm, antikonstruktivizm, dağıdıcı və birqütblü düşüncə, hədəfindən asılı olmayaraq bütün digər istiqamətlərdə olduğu kimi islahat prosesi üçün də ziyanlıdır və bəzən, bütövlükdə “islahat” anlayışının gözdən düşməsinə gətirib çıxarır ki, bu da inkişafın qarşısını alan əsas amillərdən biridir. Mahiyyət etibarilə, mətləbə müəyyən qədər geniş müstəvidən yol alsam da, media sektoru da daxil olmaqla, ölkəmizdə islahatların “iki rəng” üzərindən deyil, bütün “rənglər” və “çalarlar” nəzərə alınmaqla həyata keçirilməsinin, prosesə yaradıcı yanaşmanın ön plana çıxmasının daha doğru və nəticəyönlü olduğunu düşünürəm".

Əməkdar jurnalist əlavə edib ki, Medianın İnkişafı Agentliyinin son müsabiqəsində yer alan qaydalara da, media sektorunda həyata keçirilən islahatların davamı və islahatların yeni mərhələsinə hazırlıq kimi dəyərləndirir: "Müsabiqə qaydalarında nəzərə çarpan ən mühüm dəyişiklik qəzetlərin kateqoriyaya bölünməsi kimi aşağılayıcı və nəinki ölkəmizdəki siyasi sistemin mahiyyətinə, bütövlükdə Azərbaycan xalqının mədəniyyətinə uyğun gəlməyən yanaşmanın aradan qaldırılmasıdır. Digər önəmli məqam isə birdəfəlik tirajın 1500 nüsxəyədək azaldılmasıdır. Bu, ilk növbədə qəzetlərin müəyyən zaman kəsiyində olsa da belə öz resurslarını keyfiyyət dəyişikliklərinə yönəltmələrinə imkan verəcək, rəqabət üçün bərabər imkanlar yaradacaq. Müsabiqənin şərtlərinə uyğun olaraq, müvafiq istiqamətlər üzrə yazılması və dərci nəzərdə tutulan yazılar üçün söz sayının yarıbayarı azaldılması, kəmiyyətin deyil, keyfiyyətin əsas götürüləcəyinə imkan verəcək ki, bu da redaksiyalarda yaradıcı mühitin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Digər bir önəmli məqam, qəzetlərə 19 sahənin hər biri üzrə məqalələrin yazılması baxımından sərbəstliyin verilməsidir. Bu da şübhəsiz ki, mövzu rəngarəngliyinə imkan verəcək, yeknəsəkliyi, təkrarçılığı aradan qaldıracaq, ayrı-ayrı istiqamətlər üzrə məqalələrin konkret zaman kəsiyində, baş verən hadisələrin ritminə və mahiyyətinə, oxucu sifarişinə uyğun olaraq təqdim olunmasına şərait yaradacaq".

E.Mirzəbəyli qəzet redaksiyasının yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olunması şərtinə də toxunub:
"Qəzet redaksiyasının yaradıcı heyətinin ən azı beş nəfərdən ibarət olunması şərtinin də, kifayət qədər obyektiv və neqativ amillərin aradan qaldırılmasına xidmət edən bir yanaşma olduğu qənaətindəyəm. Müsabiqə qaydalarında nəzərə çarpan və çoxdan arzuladığım məqam qəzet redaksiyalarının eyniadlı veb-saytına maliyyə yardımının göstərilməsinin nəzərdə tutulmasıdır. Qəzetlərin eyniadlı saytlarının yenidən yaradılması üçün nəzərdə tutulan maliyyə dəstəyinin də, bütövlükdə medianın simasının dəyişəcəyinə xidmət edəcəyini düşünürəm".