Maskaları birdəfəlik atmaq doğru deyil

Vətəndaşlar dövlətin qərarlarına dəstək olmalıdır

"Hələlik pandemiyanın sonu çatmayıb və Ümumdünya Səhiyyə Təşkilatı bunu elan etməyib"

Artıq ölkəmizdə koronavirusla bağlı bir neçə gündür ki, yumşalmalar həyata keçirilib. Çünki dövlət vətəndaşının işləməsində, iqtisadi fəallığın artmasında maraqlıdır. Lakin koronavirusla mübarizə çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər göstərdi ki, dövlət üçün vətəndaşın sağlamlığı hər şeydən önəmlidir. Deməli, bu xüsusda vətəndaş da dövlətə kömək etməli, karantin rejimində müəyyən edilmiş qaydalara riayət olunmalı, yoluxma sayının artmasına şərait yaradılmamalıdır.

Bildiyimiz kimi, may ayının 31-dən etibarən açıq havada maska taxmağın məcburi olmaması ilə bağlı da qərar verildi. Amma cəmi bir neçə gün keçməsinə baxmayaraq müşahidələr göstərdi ki, ölkədə yumşaldılma qərarlarından sui-istifadə hallarına yol verilməkdədir. Bir çoxları elə hesab edir ki, yumşaldılma pandemiyanın tamamilə çəkilməsi deməkdir. Görünən o oldu ki, vətəndaşlar marketlədə, avtobuslarda, restoranlar kimi qapalı məkanlarda maska taxmırlar. Bir sözlə, şəxsi gigiyena, sosial məsafə, qoruyucu maskalardan istifadə və özünütəcrid qaydaları tamamilə arxa plana keçib. Nəzərə almaq lazımdır ki, həftə sonları ictimai nəqliyyatın işlənməsində qadağalar var. Əlbəttə, bu da vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Yəni dövlət bütün zəruri tədbirlərə əl atır ki, koronavirus bəlasını minimum itki ilə adladaq. Sirr deyil ki, dövlət qabaqlayıcı tədbirləri ilə ölkəmizdə pandemiyanın faciəvi hal almasına imkan vermədi. Azərbaycanda vəziyyət İran, ABŞ, İspaniya, İtaliya və digər Avropa ölkələrindəki kimi ağır olmadı. Lakin son günlər görünən mənzərə pandemiyanın yenidən alovlanmasını qaçılmaz edə bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, insanlar son günlər maska ilə bağlı sui-istifadə hallarına yol verməkdədirlər. A.Qeybulla qeyd edib ki, vətəndaşlar mövcud reallıqları düzgün qiymətləndirməli, məsuliyyətlərini dərk etməlidir:

"İlk növbədə vətəndaşlarımız dövlətin atdığı addımlara dəstək olmalıdırlar ki, pandemiya qısa müddətdə ölkəmizdən tamamilə çəkilsin. Bu günləri məsuliyyətli olmaq vacibdir. Çünki məsuliyyətli davranış gündəlik həyatımızın yenidən əzəli məcrasına tez bir zamanda dönməyimizə kömək ola bilər. Ona görə də daha ağır vəziyyətin yaranmaması, faciəvi halların yaşanmaması, vəziyyətin qeyri-müəyyən məcraya yönəlməməsi üçün qoyulan bütün qadağalara əməl etməliyik. Hər bir fərd anlamalıdır ki, onun məsuliyyətsizliyi yoluxmanın artmasına, ölüm sayının sürətlə çoxalmasına səbəb ola bilər. Vətəndaş dövlətin onun sağlamlığı üçün çəkdiyi əziyyəti, gördüyü tədbirləri, aldığı iqtisadi zərbələri nəzərə almalı, xüsusi karantin qaydalarının yumşaldılmasından sui-istifadə etməməlidir. Qapalı mühitdə maska taxılması şərt olaraq qalır. İnsanlar bunu mütləq nəzərə almalıdırlar. Çünki biz bunları tam qulaqardına vura bilmərik. Hələlik pandemiyanın sonu çatmayıb və Ümumdünya Səhiyyə Təşkilatı bunu elan etməyib. Buna görə də hər bir kəs məsuliyyətli olmalıdır".