Sevinən çox az oldu: Məscidə gedənlərdən "COVID-19" pasportu tələb olunacaq

Atif İsmayılov: "Bu kimi şərtlər ilə dini ayinləri icra etmək bir qədər çətinliklər yaradacaq"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə məscid və digər ibadət yerlərinə yalnız COVİD-19 pasportu ilə buraxılmasına münasibət bildirib. İlahiyyatçı qeyd edib ki, o, bu qərarı birmənalı qarşılamır:
"İlk olaraq qeyd edim ki, bu kimi şərtlər ilə dini ayinləri icra etmək bir qədər çətinliklər yaradacaq. Bundan başqa bu qərar məscidə insanların buraxılmasına ciddi şəkildə problemlər yaradacaq. Çünki belə bir vəziyyətdə nəzarət də çətin olar, həmçinin bu sanki məhdudiyyətin tətbiqi kimi ifadə olunar. Ona görə də düşünürəm ki, bunun tənzimlənməsi üçün zamana ehtiyac var".

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu "Şərq TV"-yə açıqlamasında bildirib ki, məscidlərin və idman komplekslərinin açılması vacib idi. O qeyd edib ki, koronavirusda ən ciddi məsələ insanların psixoloji durumunun pozulmasıdır:

"Hətta statistik göstəricilər göstərir ki, psixoloji cəhətdən güclü olan insanların koronavirusa yoluxma və ölmə şansı azdır. Amma o adamlar ki, psixoloji olaraq hazırlıqlı deyillər, onlar çox asanlıqla

yoluxurlar. Bunun üçün də məscidlərin açılması vacib idi. Çünki din insanların həm mənəvi, həm də psixoloji cəhətdən güclənməsində olduqca vacibdir. Yəni insanların əhval-ruhiyyəsinin yüksək olması vacibdir. Qadağa ilə iş həll olunmur. İnsanlar bu qədər təcrid olunmuş şəkildə yaşaya bilməzlər. Çünki insanlar asosiallığa doğru getdikcə vəhşiləşir. Eləcə də bir çoxu dayanıqlığını, gücünü itirir".