Sürətli və çevik imtahanlar təşkil olunmalıdır

"Şagirdlər imtahan binasının qarşısında ən azı yarım saatdan çox gözləyirlər"

İyunun 2-də Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib. DİM-dən bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahanlar 12 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılışı rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb. İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

Təhsil eksperti Kamran Əsədov "Şərq"ə imtahan prosesi barədə ətraflı məlumat verib. Ekspert qeyd edib ki, bu il 9-cu siniflər üçün keçirilən imtahan yeni modeldir: "Bilirsiniz ki, bizim şagirdlərimiz pandemiya səbəbindən müəyyən qədər tədris prosesindən kənarda qalıblar. Əlbəttə, 9-cu sinif şagirdləri üçün yeni model test imtahanı müəyyən qədər özündə çətinlikləri əks etdirir. Prosesin çətinliklərini hissə-hissə bölsək, ilk növbədə orta təhsil məktəblərinin 9-cu sinfində təhsil alan şagirdlər imtahana gedən zaman elə imtahan binasının qarşısında ən azı yarım saatdan çox gözləyirlər. Hesab edirəm ki, burada mütləq şəkildə şagirdlər daha sürətli və çevik olaraq imtahanda iştirak etməlidirlər. Biz bu gün baxırıq ki, imtahan Gəncədə, Şəkidə, Lənkəranda, Abşeronda, Ağsuda, Ağdaşda, Bərdədə, Qazaxda, Qusarda və digər ərazilərdə keçirilib ki, burada şagirdlər imtahana 10:45-də buraxılıblar. Bəzən onlar imtahan keçirilən binanın qarşısında bu istidə saatlarla gözləməli olurlar. Bu cür istidə gözləmək şagirdlərə mənfi təsir edir. Həmçinin, əsasən şagirdləri imtahan məkanına yoxlayıb buraxan şəxs tək olur ki, bu da növbənin uzanmasına gətirib çıxarır".

K.Əsədov vurğulayıb ki, çox təəssüf ki, imtahan binalarının havalandırılması ilə bağlı da problemlər var:

“Hava temperaturu içəridə yüksək olur. Digər tərəfdən şagirdlər bəzən özləri üçün su gətirməyə utanırlar. Hesab edirəm ki, imtahan binasında şagirdlər su ilə təmin edilməlidir. Həmçinin, şagirdlər imtahana gələrkən həyəcandan buraxılış vərəqəsini və yaxud da hər hansı bir sənədi unudurlar. Bunun üçün imtahan binasında bir nəfər məsul şəxs olmalıdır ki, sənədini unutmuş şagirdlərin imtahan vərəqəsini çap etsin. Digər tərəfdən imtahanda xarici dillə bağlı dinləmə mətnləri problemidir ki, bu məsələnin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Mən düşünürəm ki, bu məsələnin aradan qaldırılması üçün mütləq şəkildə şagirdlərə bir neçə dəfə dinləmə mətnlərini eşitmək imkanı verməliyik. Çünki bu tipli test tapşırıqlarını həll etmək üçün şagirdlər bir il məktəbdə olmayıblar. Yəni onlayn rejimdə bu bacarıqları etmək çox çətindir. Digər tərəfdən təqdim edilən test tapşırıqları daha asan olmalıdır. Çünki 1 il ərzində xüsusilə riyaziyyat fənni ilə bağlı keyfiyyətli dərs almaq mümkün olmayıb. Bu problemin aradan qaldırılması üçün daha çox asan və orta tipli test tapşırıqları verməlidir ki, bu, onlara motivasiya olsun”.

Təhsil eksperti hesab edir ki, daha çox qapalı testlərə üstünlük verilib:

“Doğrudur, açıq tipli test tapşırıqlarının sayı azdır. Bütün hallarda isə pandemiya dövründə imtahan keçirilməsini nəzərə almaq lazımdır. Digər tərəfdən hansısa şagirdin bədən temperaturu 37 dərəcə və daha artıq olarsa, onlar imtahan binasına buraxılmır. Hesab edirəm ki, bu tipli şagirdlərin təhsil alma hüququ məhdudlaşmamalıdır. Bunun üçün ayrıca imtahan otaqları təşkil edilməlidir. Ümid edirəm ki, yaşanan bu kimi problemlər gələcəkdə öz həllini tapacaq”.

Aynurə Pənahqızı