Mətanət İsgəndərli: “Polad Bülbüloğlu zəng vurub məni tapşırmışdı”

"Çox dəhşətli günlər idi. Məni xəstəxanaya aparanda gömgöy göyərmişdim. Nəfəsim çatmırdı, süni nəfəs aparatına qoşdular”. 

“Sherg.az” xəbər verir ki, bu sözləri jurnalist Vüqar Kamiloğluna açıqlamasında koronadan sağalan əməkdar artist Mətanət İsgəndərli deyib.

O xəstəliklə mübarizə apardığı günlərdən danışıb:

“Süni nəfəsi qəbul edə bilmirdim, hər dəqiqə çıxardıb atırdım. O vəziyyətdə razı idim ki, əlimi, ayağımı kəssinlər, təki nəfəs ala bilim. Bu xəstəlik məni büsbütün haldan salıb. Məni xəstəxanada olanda dəyərli şəxsiyyət Polad Bülbüloğlu zəng vurub tapşırmışdı. Xalq artistimiz Zeynəb Xanlarova mənə zəng vurdu, səhhətimlə yaxından maraqlandı. Bilirəm ki, məni sevənlər çox narahat idi. Hamıya təşəkkürümü bildirirəm. Ötən gün bu xəstəlikdən sonra ilk dəfə toy məclisinə qatıldım. Amma çox oxumadım. Çünki bir xeyli zəifləmişəm. İnşallah zamanla toparlanaram. Vüqar, məni Allah sevənlərimə, doğmalarıma yenidən qaytardı".