Baş redaktor: "Medianın məmurlardan asılılığına son qoyulmalıdır"

“Mediaya dövlət dəstəyinin tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycan kimi medianın yenicə inkişaf yoluna qədəm qoyduğu ölkələrdə dövlət yardımını əsirgəməli deyil. Amma bu, kütləvi informasiya vasitələrinin dövlətdən birdəfəlik asılılığına gətirib çıxarmamalıdır. Medianın maddi-texniki bazasını yaxşılaşdırmaqla paralel olaraq, jurnalistikanın nüfuzunu da qaldırmaq lazımdır". 

Bu fikirləri “Sherg.az”a açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. 



O qeyd edib ki, ilk növbədə edilən yardımlar qəzetlərin maddi bazasının gücləndirilməsinə, böyük auditoriya qazanmasına gətirib çıxarmalıdır: 

“Bu prosesi elə təşkil etmək lazımdır ki, həmin yardımlar havaya sovrulmasın, yəni edilən yardımın nəticəsi olsun. Nəhayət, mətbuat "dördüncü hakimiyyət" funksiyasını yerinə yetirməlidir. KİV-lərin məmurlardan ilk növbədə asılılığına son qoymaq lazımdır. Bundan başqa ölkədə reklam bazarını inkişaf etdirməyin qeydinə qalmalıyıq. Bu gün qəzetlər "çılpaq" çıxır, saytlar reklama pişiyin dəlikdə gizlənən siçovula baxdığı kimi baxır. Böyük şirkətlər, iş adamları öz məhsullarını mətbuatda reklam etməkdən çəkinməməlidirlər. Onları buna təşviq etmək lazımdır. Bundan başqa, jurnalist yüksək əməkhaqqı almalıdır. Onun gözü heç kimin əlində və ya cibində olmamalıdır. Jurnalist ehtiyac üzündən məmura yaltaqlanmamalıdır, yaxud hansısa məmur jurnalisti özünə yaltaqlanmaq üçün şərait yaratmamalıdır. Məmurlar buna cəsarət də etməməlidir. Jurnalist gərək heç kimin yanında gözü kölgəli olmasın. Belə olsa, hansısa məmur jurnalistə 5 manat verib nəyisə yazdırmağı ağlının ucundan keçirməz. Hesab edirəm ki, MEDİA rəhbərliyi bu problemlərin fərqindədir və onların yolları barədə ciddi düşünür". 

S.Verdizadə yeniliklər barədə də danışıb: 

“Bu dəfə yenilik ondan ibarətdir ki, çoxlu sayda sayta maddi yardım edilməsi nəzərdə tutulur. Artıq internet mediası bizim xəbər məkanında aparıcı yerə sahibdir. Cəmiyyətimizin əksər hissəsi yeni xəbərləri internet mediadan alırlar. Bu mənada Azərbaycanda internet medianın güclənməsinə, inkişafına ehtiyac var. Saytlara maliyyə yardımının ayrılması bütövlükdə bu sektorun inkişafına təkan verəcək. Ümid edirəm ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənəcək. Medianın İnkişafı Agentliyinin rəhbərliyindən xahiş edirəm ki, güclü monitorinq aparsınlar və ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər. Yəni, bu birbaşa kollektivin rifahının yaxşıladırılmasına yönəldilsin. Biz media nümayədələri isə ancaq əl-ələ verməklə, bir-birimizə dəstək olmaqla, mətbuatın əvvəlki nüfuzunu geri qaytara bilərik. Qeyd edim ki, güclü mətbuat, güclü ictimai nəzarət deməkdir. Güclü ictimai nəzarət isə açıq və şəffaf cəmiyyət, yüksək rifah, xoş güzəran anlamına gəlir".