Muzdlular ola bilməz

Morqda saxlanan cəsədlər elə erməni hərbçilərinə aiddir

Ermənistanda yüzlərlə hərbçi cəsədinin plastik torbalarda saxlanılması son günlərin əsas müzakirə mövzusuna çevrilib. İkinci Qarabağ müharibəsindən 8 ay ötməsinə baxmayaraq, Ermənistanın öz hərbçilərinin meyitlərini niyə gizli saxlaması bir sıra suallar doğurur. Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan yerli mediaya açıqlamasında deyib ki, hazırda ortada DNT analizi aparılması mümkün olmayan 50 cəsəd qalığı var. Onun sözlərinə görə, 149 cəsəddən götürülmüş DNT-nin nəticələri hələ də heç bir valideynlə uyğun gəlmir. Maraqlıdır, 200-ə yaxın cəsədin sahibi tapılmırsa, morqun zirzəməsində aşkarlanan cəsədlər kimlərə məxsusdur? Bu zaman həmin cəsədlərin Ermənistanın Azərbaycana qarşı döyüşlərə cəlb etdiyi muzdlu döyüşçülərə aid olduğu ehtimalı ortaya çıxır. Belə bir versiya reallığı əks etdirirmi?

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, həmin cəsədlərin muzdlulara aid olmasını düşünmür. Çünki muzdluların cəsədlərini saxlamaq Ermənistan üçün o qədər də mühüm əhəmiyyət kəsb etmir:

"Bilirisiniz ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən xeyli sayda muzdlular döyüşürdü. Ola bilsin ki, həmin cəsədlər onlara aid olsun. Amma mən düşünmürəm ki, bu cəsədlər muzdlulara aiddir. Çünki Ermənistan onların cəsədlərini saxlamaqda maraqlı deyil və bəlkə də çoxdan onların cəsədlərini basdırıblar. Fikrimcə, bu cəsədlər elə erməni hərbiçilərinə aiddir. Sadəcə, hökumət bunu deməkdən qorxur.  Ümumiyyətlə, erməni mətbuatında daim belə bir məlumatlar yayılırdı ki, İkinci Qarabağ müharibəsində ölən hərbiçilərin cəsədləri Ermənistanın müxtəlif ərazilərində soyuducularda saxlanılır. İndi isə seçkiqabağı həmin cəsədləri hissə-hissə ortaya çıxarmağa başlayıblar. Qeyd edim ki, əvvəllər həmin hərbiçilərin adları itkinlər siyahısında qeyd edilmişdi. Lakin Azərbaycan tərəfi itkin düşənlərlə bağlı mövqeyini dəfələrlə bildirib ki, hamısı qaytarılıb. İndi isə hökumət cəsədləri valideynlərə qaytarmağa məcburdur. Buna görə də bu kimi fikirlər səsləndirirlər".