Rusiyanın özünün parçalanması gözlənilir

Jirinovskinin sərsəm açıqlamalarına özündən başqa heç kim inanmaz

"İndi boşboğaz rus siyasətçilərini dünyanın deyil, məhz Rusiyanın bölüşdürülmə ehtimalı daha çox narahat etməlidir"


Rusiya siyasətçisi Vladimir Jirinovski yenə özündən başqa heç kimin inanmayacağı bir açıqlama verib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ağ Ev sahibi Co Baydenlə məhz dünyanı yenidən bölüşdürmək üçün görüşəcək. V.Jirinovski hətta Rusiyanın Belarusu tam, Ukraynanı, Moldovanı, hətta Baltikyanı ölkələri parçalayaraq, bu dövlətlərin ərazilərinin əhəmiyyətli bir hissəsini ələ keçirəcəyini iddia edib. 

Mövzu ilə bağlı fikirləri səsləndirən siyasi şərhçi Elçin Xalidbəyli "Şərq"ə deyib ki, onlar hələ də hesab edirlər ki, Rusiya dünyanın ən qüdrətli və hegemon ölkəsidir:

"Rusiya siyasi dairələrinin bədbəxtliyi də məhz budur. Onlar hələ də 19-cu əsrin əhval-ruhiyyəsindən uzaqlaşa bilmirlər. Hələ də hesab edirlər ki, Rusiya dünyanın ən qüdrətli və hegemon ölkəsidir.  Halbuki, Rusiyanın ən qüdrətli və hegemon ölkəsi olması üçün demək olar ki, heç bir real addımlar ata bilmirlər. Gələcəyə yönəlik nə bir normal inkişaf proqramları, nə də strateji planları var. Elə yalnız lovğalıq və boşboğazlıq etməklə məşğuldur. Hətta heç ağıllarına da gəlmir ki, Çin Rusiyanın Sibir və Uzaq Şərq bölgələrində xeyli torpaq əraziləri alıb və öz vətəndaşlarının adına qanuni şəkildə özəlləşdirib. Rusiyanın ən zəif dövründə, parçalanma ərəfəsində həmin ərazilər dərhal Çinə birləşdiriləcək. Ona görə də ABŞ və Rusiya prezidentlərinin görüşüb, dünyanı yenidən bölüşdürəcəklərini iddia etmək yalnız V.Jirinovski kimi avantüristin ağlına gələ bilər. Halbuki, V.Jirinovski və onun kimi avantürist, lovğa rus siyasətçiləri dünyanı bölüşdürmək kimi imperialist xəyalları bir tərəfə buraxmalıdırlar. İndi Jirinovskiləri məhz Rusiyanın bölüşdürülə biləcəyi dövrün sürətlə yaxınlaşmaqda olması daha çox narahat etməlidir. Vaxtilə SSRİ-nin parçalanıb, dağılacağına da heç kim inanmırdı. Yalnız bu baş verəndə məcbur qalıb, inandılar. İndi Rusiya da eyni cığıra doğru sürüklənməkdədir". 

E.Xalidbəyli vurğulayıb ki, böyük ehtimalla yaxın gələcəkdə Rusiyanın da parçalanması reallığa çevrilə bilər:

"Ona görə də indi boşboğaz rus siyasətçilərini dünyanın deyil, məhz Rusiyanın bölüşdürülmə ehtimalı daha çox narahat etməlidir.  Vaxtilə Qorbaçov-Reyqan görüşündən sonra SSRİ-nin dağılma prosesi başlamışdı. İndi də bəlkə elə Bayden-Putin görüşündə Rusiyanın paylaşdırılması prosesinin əsası qoyulacaq".