Səkinə nənəyə zülm edənə ömürlük cəza verilməlidir

Novella Cəfəroğlu: "Mən belə məsələlərdə çox qəddaram"

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, sosial şəbəkələrdə Gədəbəy kənd sakini, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə görüntülər yayılıb. Bu görüntülərin yayılmasından sonra Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları kəndə gedərək qadının yerini aşkarlayıblar. Ahıl qadının əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən, aidiyyəti qurumlara bu barədə məlumat verildikdən sonra 84 yaşlı ahıl şəxs Göygöl rayon 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, qadının tövlədə bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hadisə ilə bağlı "Şərq"ə münasibət bildirib. O qeyd edib ki, ilk növbədə bu cür cinayət törədən şəxslərə ömürlük cəza verilməlidir:

"Mən belə məsələlərdə çox qəddaram. Düşünürəm ki, həmin hadisəni törətmiş şəxsə ömürlük cəza vermək ən doğrusudur. Təbii ki, bu məsələdə cəmiyyətin də rolu böyükdür. Belə şəxslər insanların qınağına məruz qalarsa, bu kimi hallar təkrarlanmaz. Hesab edirəm ki, həm dövlət, həm də icra hakimiyyətləri tərəfindən bəzi məsələlər tənzimlənməlidir. Əgər belə şəxslərin yiyəsi yoxdusa, onların qocalar evinə yerləşdirilməsinə yardımçı olmaq lazımdır".