Dünya görsün! - Erməni vandalizmi jurnalistlərin qətlinə səbəb oldu

Azərbaycanda jurnalistlər minaya düşüb.  4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("AzərTAC" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilərək, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq jurnalistlərin minaya düşməsi faktını təsdiqləyib. Baş vermiş hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı çox kədərləndiyini bildirib. Onun sözlərinə görə, bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır: "Erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək. Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!".


AzTV QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, bu təkcə Azərbaycan mediasına deyil, dünya mediasına qarşı yönəlmiş bir terror aktıdır: "Biz bu hadisəni qəti şəkildə pisləyirik. Bu təkcə Azərbaycan jurnalistikasına deyil, bütün dünya mediasına yönəlmiş terror aktıdır. Hesab edirik ki, dünya ictimaiyyəti bu hadisəyə öz layiqli qiymətini verməlidir. Allahdan həmkarlarımıza rəhmət, ailələrinə səbr diləyirik". 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, bu gün bir qrup şəxsin minaya düşərək həlak olması Ermənistan Respublikası tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərə qarşı törədilmiş növbəti terror aktıdır. Həlak olan şəxslərin yaxınlarına baş sağlığı verən icraçı direktor bildirib ki, Azərbaycan mediası olaraq beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq.
Hadisə ilə bağlı bir sıra dövlət qurumları və təşkilatlar bəyanat yayıblar. Milli Televiziya və Radio Şurasının hadisə ilə bağlı yaydığı bəyanatda bildirilib ki, azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilib. Qeyd olunub ki, indiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Ermənistan isə minalanmış ərazilərin xəritələrini təqdim etmir. Milli Televiziya və Radio Şurası  bəyanatda dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edib.

Daha bir bəyanatı Ombudsman yayıb. Bəyanatda vurğulanıb ki, Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub. Ermənistan siyasi və hərbi rəhbərliyinin vaxtilə işğal altında saxladıqları bu ərazilərə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələri, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir:

"Ölkə Ombudsmanı olaraq bu barədə narahatlığımızı dəfələrlə beynəlxalq insan hüquqları qurumlarına bildirərək, insan tələfatının qarşısının alınması məqsədilə Ermənistan rəhbərliyi qarşısında müvafiq tələblərin qoyulması ilə bağlı müraciətlər etmişik. Təəssüflə qeyd etmək istərdim ki, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir beynəlxalq təzyiqin göstərilməməsi hər gün daha bir günahsız insanın həyatını itirməsinə səbəb olur. Hesab edirik ki, aidiyyəti beynəlxalq insan hüquqları qurumları baş verən bu insan hüquqları pozuntularına etinasız yanaşmamalı və mandatları çərçivəsində müvafiq addımları atmalıdırlar. Bir daha aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək, baş verən bu insan hüquqları pozuntusuna etinasız qalmamağa, mandatlarından irəli gələn tələblərə məsuliyyətlə yanaşaraq Ermənistan siyasi və hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə çağırırıq. Ombudsman təsisatı olaraq Ermənistan siyasi və hərbi rəhbərliyinin insan hüquqlarının kobud pozuntusu ilə nəticələnən bu və digər ağır cinayət əməllərinin ifşası və onların ədalət mühakiməsinə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı bəyanat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır: "Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır. Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir. Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq. Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcəkdir”.

Qeyd edək ki, şəhid olan media işçilərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Azərbaycan Televiziyasının (AzTV) qarşısında keçirilən mərasimə qatılan jurnalistlər həmkarlarının xatirəsini yad edib, fotoları önünə əklil və güllər düzüb və onlar haqqında fikirlərini bölüşüblər.

Tanınmış jurnalist Afət Telmanqızı  "Şərq TV"-yə açıqlamasında bildirib ki, bu hadisə onu çox kədərləndirdi. O qeyd edib ki, bu, ermənilərin Azərbaycana qarşı apardığı yeni müharibənin nəticəsidir:

"Çünki minalanmış ərazilərin xəritələrinin bugünədək təqdim olunmaması məhz belə hadisələrə gətirib çıxarır. Bilirsiniz ki, Azərbaycan ikinci dəfə Avropa Məhkəməsinə mina xəritələrinin verilməsi ilə bağlı müraciət etdi. Mina xəritələrinin verilməməsinin nəticəsidir ki, bu gün belə hadisələr baş verir və Azərbaycan itkilərə məruz qalır. Bu onu göstərir ki, Ermənistan faktiki olaraq müharibəni dayandırmayıb. Ermənistan mina xəritələrini verməməklə, çox sayda insanların ölümünə səbəb olur. Bugünədək 120-dən çox insan erməni minalarının qurbanı olub.  Bunların içərisində mülki şəxslər, hərbiçilər, təəssüflər olsun ki, həmkarlarımız da var. Çox güman ki, bunlar yeni basdırılan minalardır. Bəlkə də ola bilsin ki, yanılıram. Hər bir halda bu, ermənilərin yeni vandalizminin bir nümunəsidir. Azərbaycana qarşı apardığı terror aktıdır. Bu barədə təcili olaraq beynəlxalq media təşkilatlarına yazmaq və onlara erməni vəhşiliyinin nümunələrini göstərmək lazımdır".

Hadisə ilə bağlı "Şərq"ə açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, bu hadisə Ermənistanın hədəfinin hər zaman dinc insanlar olduğunu bir daha göstərir:

"Acı xəbərdir, əlbəttə. Bu, bir daha göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi sona çatdırılsa da, onun nəticələrini aradan qaldırmaq elə də asan olmayacaq. Ermənistanın hədəfi həmişə dinc insanlar olub. Ona görə də hər yerə mina döşəyiblər ki, mümkün qədər çox dinc insan ölsün, yaralansın. Təbii ki, belə bir durum varkən bizim də diqqətli olmağımız lazımdır. O torpaqlara səfər edən hər kəs bilməlidir ki, izn verilən xətdən yarım addım belə kənara çıxılarsa, çox ağır faciə baş verə bilər. Şəxsən özüm də mart ayında işğaldan azad edilmiş Ağdama getmişdim. Orada yalnız bizi müşayiət edən əsgərlər və polislərin göstərdiyi yerlərdə hərəkət edib bir addım belə kənara atmırdıq. Nə etmək olar? Düşmən torpaqlarımızı minalayıb, minaların xəritəsini də vermir. Yalnız ehtiyatlı davranmaqla özümüzü qoruya bilərik".

 “Yeniçağ.az”ın reportyoru Səxavət Məmməd "Şərq"ə açıqlamasında qeyd edib ki, jurnalist peşəsi hər zaman ən təhlükəli, riskli peşələrdən biridir:

"Hər il müxtəlif səbəblərdən jurnalistlər peşə fəaliyyətini həyata keçirərkən ya həlak olur, ya da öldürülürlər. Bunlarla yanaşı çoxlu sayda jurnalist sui-qəsdlərin də qurbanı olur. Azərbaycan 30 ildən çox bir zamanda müharibə şəraitində olsa da, müharibə (hərbi) jurnalistiksası o qədər də inkişaf etməyib. Beynəlxalq aləmdə müharibə jurnalistləri barədə belə bir deyim var: “Müharibə jurnalistləri əsgərlər kimidir, gedəcəkləri tarix bəllidir, dönəcəkləri tarix yox”. Müharibə vaxtı da Azərbaycan jurnalistləri həyatlarını təhlükəyə ataraq, peşə fəaliyyətlərini həyata keçirirdilər. Nəticədə yaralananlar da oldu. Düzdür, ən sonda xarici jurnalistlərlə yerli mətbuat işçiləri arasında fərq qoyuldu. Onlar daha ön plana çıxarıldı. Ancaq ən qaynar nöqtələrdə xarici jurnalistlər yox, məhz yerli jurnalistlər fəaliyyət göstərdilər. Hər bir halda, həmkarlarımız xidmətdə olarkən həlak olublar. Müharibə bitsə də, müharibənin fəsadları nəticəsində həyatlarını itiriblər. Onlara statusun verilməsi doğru olardı. Həmkarlarımıza rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm".