"Müğənnilərin bir çoxu bisavaddır"

Tural Cəfərov: "Azərbaycan  mədəniyyəti, maarifi Nadir Qafarzadənin ümidinə qalmayıb" 


Zaman-zaman şou nümayəndələri ilə qələm əhli arasında qalmaqal yaşanır. Əsasən buna səbəb yazıçıların, şairlərin şou-biznesdəkiləri haqlı tənqid etməsi olur. Lakin qarşı tərəfin cavabı ürəkaçan deyil. Onlar tənqidə təhqirlə, bəzən isə təhdidlə cavab verirlər. Dəfələrlə bu tipli mübahisələrə məhz efirlərdə şahid olmuşuq. İki cəbhənin nümayəndələri proqramlarda qarşı-qarşıya gəliblər. Hansısa bir mövzunun müzakirəsinin sonu xoş bitməyib. 
Məsələn, yazıçı Kəramət Böyükçöl meyxananı tənqid etdiyi üçün bəzi söz ustaları tərəfindən təhdid olunub. Yaxud da verilişlərin birində prodüser Anar Mədətov  yazar Tural Cəfərova (Qan Tural) hücum çəkib. 

Elə biz də Tural bəylə həmsöhbət olub, mövzu haqda danışdıq. O, “Şərq”ə deyib ki, şou adamlarına ilahidən bir istedad verilib:

“Bəzilərinə o da bəxş olunmayıb. Ümumiyyətlə, onlar öz işləri ilə məşğul olmalıdırlar. Amma belə etmirlər. Bir müddət sonra özlərini bütün sahələrdə ekspert kimi  təqdim etməyə başlayırlar. Media, xüsusilə də televiziyalar buna dəstək olurlar. Sanki ən yaxşı ata, ən müdrik insan özləri imiş kimi danışırlar. Müğənnisənsə, mahnını oxu get də.

Axı başqa bir işin yoxdur. Bu dövrdə müğənniləri bizə “rol model” kimi göstərməyə çalışırlar. Əslində isə  bir çoxu bisavaddır (“istisnalar çox azdır” deyə qeyd edir - red). Onlar da özlərini böyük şəxsiyyət hesab edirlər. Məsələn, yaxın günlərdə Nadir Qafarzadə deyib: “Toyların açılmasını istəmirəm, kaş məktəblər açılsın”.

Ayda-ildə bir dəfə maarifin, mədəniyyətin xeyrinə söz dedi, o da yanlışdır. Çünki məktəblər açıqdır (gülür). Allah da onu düz söz deməyə qoymadı. Azərbaycan  mədəniyyəti, maarifi Nadirin ümidinə qalmayıb.

Ümumiyyətlə, ideal təşkil olunmuş cəmiyyətlərdə hər şey öz yerində olur. Bizdə isə bir toy müğənnisi öz statusundan çıxaraq cəmiyyəti düzənləməyə, mənəvi dəyərləri qaydaya salmağa can atır. Bu da istər-istəməz hər kəsdə, xüsusilə də ziyalı təbəqədə ikrah doğurur.  Onu da qeyd edim ki, hamı efirlərdə müğənniləri görəndə “bunlar kimdir ki” deyib əsəbiləşir.

Sonra da  həmin müğənniləri toyuna  çağırır.  Burda  hamımız bir-birimizi aldatma oyunu oynayırıq. Misal üçün, Nadir Qafarzadə pisdir deyirlər, lakin toya çağırılır”.