Qlobal şirkətlər dünyanı özündən asılı vəziyyətə salır

Azərbaycanda yeni tərəvəz növlərini yaratmaq təhlükəlidir

"İndi bir neçə ildən sonra bütün ölkələr toxum almaq üçün bu şirkətlərin qapısında növbəyə duracaqlar"


Vaxtilə bağ-bostanlarda çəpərlərə dırmaşan xiyar, pomidor tağları iki göz istəyirdi ki, tamaşasına dursun. Eyni tağda yetişən məhsulların görkəmi də bir-birindən fərqli idi: biri uzun, biri gödək, biri yumru, biri yastı, biri əyri, biri sivri. Əlbəttə ki, kənddə doğulanlar və yaşayanlar üçün bu çox tanış mənzərədir. Amma elə bil ki, digər dəyərlər kimi artıq onlar da qəhətə çəkilib. Bəs bunun səbəbi nədir? Gerçəklik isə belədir: indi 30-40 il əvvəlki toxumlar qalmayıb. Çünki bütün meyvə və tərəvəzlərin geni dəyişdirilib. 

Bu bir faktdır ki, dükan-bazarlardan zahiri görünüşünə aldanıb aldığımız meyvə-tərəvəzlər heç də bizə əvvəlki illərdəki ləzzətini vermir. Çox təəssüflər olsun ki, bu günləri geni modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir. Artıq bu bir faktdır ki, bir çox fermerlər, icarədarlar, kənd zəhmətkeşləri keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verirlər. Onlar bildirirlər ki, yerli xiyar, pomidor sortunun nazı ilə oynayınca geni dəyişdirilmiş məhsuldar xiyar, pomidor sortu yetişdirmək və onun məhsulunu bazara çıxarmaq daha əlverişlidir. Heç kəsə sirr deyil ki, həmin sortdan olan xiyar və pomidor kifayət qədər yüksək məhsul verir. Meyvə-tərəvəzlərdəki gen dəyişikliyi o yerə gəlib çatıb ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox az olur. Artıq Azərbaycanda da yeni tərəvəz növləri yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz, o cümlədən kartof növlərinin dequstasiyası keçirilib. Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssislərinin yaratdığı pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni növləri təqdim olunub. Təqdim olunmuş tərəvəz növləri təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir. 

Mövzu ətrafında fikrilərini "Şərq"lə  bölüşən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, canlı orqanizmlərin fitrətini dəyişdirmək olmaz. Çünki bu həm təbiət üçün, həm də insan üçün ancaq zərər gətirir:



"Əslində, mən  təbiətə müdaxilə edilməməsinin tərəfdarıyam. Daha doğrusu, bitkilərin, heyvanların genetik strukturunun, bioloji sisteminin dəyişdirilməsinə qarşıyam. Canlı orqanizmlərin fitrətini dəyişdirmək olmaz. Bu həm təbiət üçün, həm də insan üçün ancaq zərər gətirir, əlbəttə, maddi cəhətdən yox. Yeganə üstün cəhəti daha çox gəlir əldə etməkdir. Lakin burada sual çıxır. Bizim sağlamlığımız, təbiətimizin təbii halında qalması daha vacibdir, yoxsa beş-on manat artıq qazanc? Əvvəl bu suala cavab verilməlidir, sonra hansısa birini seçmək olar. Əslinə qalsa, bu GMO məhsullar heç də daha çox məhsul vermir. Əksinə, məsələn, taxıl bitkilərində təbii toxumlar 10, bəzən 20 dəfə daha çox məhsul verir. Bu, Türkiyədə aparılmış təcrübə zamanı qəti olaraq təsdiq olunub. Üstəlik, GMO əkinlərin xeyli əlavə xərci var ki, təbiilərdə bu çox azdır. Bundan başqa, GMO əkinlər hər il yeni toxum almağı tələb edir, təbii toxumlar isə reproduksiya verir. Sadəcə, Monsanto kimi bəzi qlobal şirkətlər dünyanı özlərindən asılı vəziyyətə salmaq üçün bu texnologiyanı yaydılar. İndi bir neçə ildən sonra bütün ölkələr toxum almaq üçün bu şirkətlərin qapısında növbəyə duracaqlar. Onların da kefi kimə istəsə toxum verəcək, kimə istəməsə verməyəcək. Son dövrlərdə ortalığı başına götürmüş GMO meyvə-tərəvəzin necə olduğunu görürük. Bunlar meyvə və ya tərəvəz deyil, sadəcə onun imitasiyasıdır. Nə dadı var, nə ətri var, nə faydası var… Bunlar sadəcə, həmin meyvəyə və tərəvəzə məharətli bənzədilmiş naməlum genetik tərkibli məhsullardır. Siçovul genindən tutmuş əqrəb, donuz, balıq geninədək bitkiyə vurulur. Bunları da biz qəbul edirik və genetik strukturumuz dəyişir. İnsanın genetik strukturu dəyişdisə, onu artıq sağlam insan saymaq olmaz. GMO məhsulların xərçəng də daxil olmaqla çox sayda ölümcül xəstəliklər yaratdığı dəfələrlə elmi olaraq sübut olunub. İndi yeni dəb çıxıb - GMO sözü pis qəbul olunduğundan hibrid adı ilə ortaya çıxarırlar. Hibrid də genetik modifikasiya növüdür. Bu bitkinin geninə müdaxilə edilibsə, təbii fitrətindən çıxarılıbsa, demək, transgendir. Bu, konkret və mübahisəsizdir. Hər hansı bir bitkini, ağacı uzağı eyni sortdan olanla calaq etmək olar. Gen kodlarına müdaxilə yolverilməzdir. Bizim alimlərin əldə etdiyi yeni növlər təbii seleksiya yolu ilə əmələ gəlibsə, onu dəstəkləyirəm. Əgər genetikasına müdaxiə ilə yaradılıbsa, bunu əhalimiz üçün daha bir ciddi təhlükə hesab edirəm. Ümumiyyətlə, bəşəriyyətin və təbiətin gen məbədinə müdaxilə etmək çox ağır nəticələrə səbəb olur və olacaq. Bunu unutmamalıyıq!".

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə  açıqlamasında vurğulayıb ki, belə məhsullar fermerlər tərəfindən üstünlük təşkil edir:

"Çünki bu məhsulları uzunmüddətli saxlamaq mümkündür.  Bundan başqa onlar qurd və bakteriyalara qarşı davamlı olur, standart ölçüdə, rəngini və standart formasını dəyişmir. Məhz bu səbəbə görə fermerlər tərəfindən üstünlük təşkil edir".

İqtisadçı  qeyd edib ki, əslində belə məhsullar reklam, yəni marketinq üçün xüsusi önəm daşıyır:

"Çünki o, dadı ilə olmasa da, gözəlliyi ilə göz oxşayır. Digər bir tərəfdən isə bu məhsullar daha böyük ölçüdə olurlar. Həmçinin bir çox ərazilərdə yerli məhsullar yetişdirmək imkanı olmadığından fermerlər geni dəyişdirilmiş məhsullara üstünlük verir. Nəticədə daha çox gəlir əldə etmək üçün sahibkarlar üstünlüyü geni dəyişdirilmiş məhsullara verirlər. Qeyd edim ki, xarici ölkələrdə GMO məhsulları daha ucuz qiymətə verilir və məhsulun üzərində GMO sözü olur. Əks təqdirdə isə cərimələr qaçılmazdır. Fikrimcə, əgər biz genefonumuzu xarici müdaxilədən qorumaq və daim sağlam qalmaq istəyiriksə, özümüzü daim qoruyub, təbii məhsullara üstünlük verməliyik.