Laçın və Kəlbəcərə 17 yük maşını mina basdırılıb nə deməkdir?


Koryun Qumaşyanın bu açıqlamasından sonra konkret olaraq beynəlxalq hüquq hərəkətə keçməlidir

Erməni polkovnik Koryun Qumaşyan Azərbaycan ərazilərində minalanmış sahələrin xəritəsinin olmasını etiraf edib. Polkovnik özünün və tabeliyindəki əsgərlərin Laçın və Kəlbəcərə 17 yük maşını mina tədarük etdiyini bildirib. O, Azərbaycanda saxlananların qaytarılacağı təqdirdə mina xəritələrini verəcəyini deyib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanın hərbi rəhbərliyində təmsil olunan şəxslərin açıq-açığına Azərbaycan ərazilərinin minalanması ilə bağlı verdiyi bəyanatlar ilk növbədə beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasıdır. Politoloq qeyd edib ki, bu, beynəlxalq siyasi institutların və hüquqi təşkilatların hərəkətə keçməsi üçün artıq bir siqnal xarakteri daşıyır:

"Düşünürəm ki, xüsusən Cenevrə Konvensiyasının və BMT-nin minalanmış ərazilərlə bağlı konkret müddəalarının pozulmasının Ermənistan polkovniki tərəfindən etirafı beynəlxalq siyasi  institutların və hüquqi təşkilatların hərəkətə keçməsi üçün artıq bir siqnal xarakteri daşıyır. Bundan əvvəl dünyanın bir sıra ölkələrində qanlı müharibələrdə media vasitəsilə verilən açıqlamalar fonunda beynəlxalq arbitraj məhkəmələri, eyni zamanda beynəlxalq hüququn qarantı olan bir sıra nüfuzlu məhkəmələr konkret cinayət işləri qaldırıblar. Mən ümid etmək istəyirəm ki, Koryun Qumaşyanın bu açıqlamasından sonra konkret olaraq beynəlxalq hüquq hərəkətə keçəcək". 

T.İsmayılov hesab edir ki, bu məsələdə dünya dövlətlərinin, xüsusən bölgədə sülhməramlı missiyasını hərəkətə keçirən Rusiyanın səssiz qalması gələcəkdə bu tip hadisələrin təkrarlanmağına səbəb olacaq:

"Çünki minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı artıq Fransa senatından, İtaliyadan və dünyanın bir sıra nüfuzlu siyasi institutlarından Ermənistana çağırışlar var. Azərbaycan tərəfi də artıq adekvat addım atıb. Çünki Azərbaycanın həm Ombudsman Aparatı, həm Baş Prokurorluğu və Milli Məclisin İnsan Hüquqları Komitəsi nəzdində bir sıra beynəlxalq qurumlar beynəlxalq aləmə çağırışlar ediblər. UNESCO rəhbərliyindən də minalanmış ərazilərlə bağlı açıqlamalar gəlib. Bu hadisələrin fonunda Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən başqa çarəsi qalmır. Əks təqdirdə  Koryun Qumaşyanın timsalında erməni hərbiçilərinin hamısının beynəlxalq məhkəmələrə çəkilməsi vacib və mütləqdir.