Yay məktəbləri vacib və əhəmiyyətlidir

Qrupun təşkil olunması üçün ən azı üç şagird olmalıdır

"Şagirdlər həftədə 5 gün dərsə gedəcəklər. Onlara hər gün 3 və 4 saat dərslər keçiriləcək"


"Artıq bir neçə gündən sonra orta məktəblərdə tədris ili başa çatır. Bu il Təhsil Nazirliyi iyun ayının 16-dan 30-dək ödənişsiz, könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil edəcək. Qeyd edim ki, burda hər hansı bir qiymətləndirmə həyata keçirilməyəcək". 

Bu fikirləri "Şərq"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün həftəlik tədrisin əlavə təşkili müsbət addımıdır:

"İlk növbədə qeyd edim ki, bir ildən çoxdur ki, ölkədə pandemiya səbəbindən tədrisin təşkilini tam həyata keçirmək mümkün deyildi. Buna görə də yay məktəbi olduqca vacib və əhəmiyyətlidir. Çünki pandemiya dövründə şagirdlərimiz istər bilik, istər fiziki və psixoloji baxımdan çox gərgin dövr keçirib. Həmçinin müəyyən fənlər vardır ki, məsələn, fizika, kimya, riyaziyyat onları uşaqlara onlayn vasitəsilə dəqiq öyrətmək mümkün deyil. Bundan başqa, bizim 4447 orta ümumtəhsil orta məktəblərdə təhsil alan şagirdin hamısının kompüter, planşeti və telefonu yox idi ki, onlar da dərslərdə iştirak edə bilmirdilər. Bu da təbii ki, onların normal dərs əldə etməsinə mane olurdu. Məhz bu amili nəzərə alaraq yay məktəbinin təşkilini müsbət qiymətləndirirəm. Çünki bunun sayəsində uşaqlar bir il ərzində tədrisdə zəif keçirilən mövzuları təkrar oxuyacaqlar".

Təhsil eksperti qeyd edib ki, yay məktəbləri könüllüdür və burda iştirakla bağlı şagirdlərə hər hansı məhdudiyyət tətbiq edilmir:

"Şagirdlər həftədə 5 gün dərsə gedəcəklər. Onlara hər gün 3 və 4 saat dərslər keçiriləcək. Bu barədə artıq proqramlar da müəyyənləşdirilib. İl ərzində hansı mövzular zəif mənimsənilibsə, həmin mövzular şagirdlərə öyrədiləcək. İbtidai siniflər üçün isə ana dili, riyaziyyat və xarici dil fənləri tədris ediləcək. Məktəbli formasına gəlincə, burada hər hansı bir məktəbli forması tələb olunmur. Qeyd edim ki, burada ən vacib məqam şagirdlərin sayı ilə bağlıdır. Ən azı bir qrupun təşkil edilməsi üçün şagird sayı ən azı üç nəfər olmalıdır".