Vətən müharibəsi faktı kimliyimizi ortaya qoymaq üçün kifayətdir


"Müharibənin nəticələri bir daha göstərdi ki, dini inancı olan xalq öz qələbəsi və zəfərini necə əldə etdi"

Beynəlxalq PEW araşdırmalar mərkəzinin "Ən dindar olmayan ölkələr" kateqoriyası üzrə növbəti hesabatına görə ("Gallup"un sorğusuna istinadən) Azərbaycan əhalisinin 64 faizi "dinsiz"dir.
Mövzu ilə bağlı ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlama verib. O qeyd edib ki, əslində bu məlumat Azərbaycan xalqının həm reallığına, həm də əsli-kökünə uyğun olmayan məlumatdır:

"Bizim xalqımızın 95 faizi müsəlman inancına malikdir. İnancı olan insanlara dinsiz demək qeyri-dəqiqdir. Bir şeyi qeyd edə bilərik ki, dinsiz ifadəsi konkret olaraq düzgün deyildir.

Bəli, dəqiq desək, 95 faiz insanlar içərisində dini ayinləri yerinə yetirən insanların sayı bu gün Azərbaycanda 50 faiz göstəricisindədir. Sadəcə, dünyəvi dövlət olduğumuz üçün, açıq şəkildə bunu nümayiş edən amillər olmadığı üçün bir çoxlarına kənardan o cür görünə bilər. Eyni zamanda, xüsusən islam dini inancında və eləcə də digər dinlər inancına mənsub olanlar hazırda gözəl davranış nümayiş etdirir.

Hətta deyərdim ki, bütün digər dini inanca malik olan xalqlara nümunə kimi məhz bizim xalq və cəmiyyətimizi göstərmək olar".

İlahiyyatçı-alim hesab edir ki, əslində bu çox qərəzli bir məlumatdır: "Xatırladım ki, müharibə dövründə xarici ölkələrin mətbuatında bizim xalqa qarşı qərəzli məlumatların yayılmasını da müşahidə etmişdik.

Amma müharibənin nəticələri bir daha göstərdi ki, dini inancı olan xalq öz qələbəsi və zəfərini necə əldə etdi. Yalnız bu fakt kimliyimizi ortaya qoymaq üçün kifayət edər".