Yeni planlar, yatırımlar və anlaşmalar var

Türkiyənin aqrar sahədəki təcrübəsindən geniş itifadə etməliyik

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov deyib: "Gələcəkdə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirmək fikrindəyik. Bununla bağlı danışıqlar da aparmışıq. Növbəti sərgilərdə daha çox Türkiyə şirkətləri təmsil olunacaq".

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli  "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyənin aqrar sahədə kifayət qədər geniş təcrübəsi var. O qeyd edib ki, Türkiyə son zamanlar Avropa və dünya bazarlarına hazır məhsulun aqrar sahədə olan ixracatında xeyli irəliləyiş əldə edib:

"Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən aqrar sahədə də əməkdaşlıqla bağlı yeni planlar, yatırımlar və investisiyalarla bağlı anlaşmalar var. Çox güman ki, yaxın gələcəkdə bu münasibətlər və əməkdaşlıq daha da dərinləşəcək. Türkiyə dünyanın bir çox ölkələrinə aqrar məhsulların ixracı ilə məşğuldur.

Son zamanlar Türkiyədə daha çox yarımfabrikatların ixracatına yönəlmiş və yaxud da hazır məhsulların ixracatına yönəlmiş aqrar sənaye komplekslərinin yarandığını görürük. Burda öyrənəcəyimiz və birgə fəaliyyət göstərəcəyimiz kifayət qədər çoxlu sahələr var.

Türkiyə son zamanlar Avropa və dünya bazarlarına hazır məhsulun aqrar sahədə olan ixracatında da xeyli irəliləyiş əldə edib. Əsasən Rusiya bazarına meyvələrin, tərəvəzlərin ixracatı hələ də üstünlük təşkil edir.

Amma fındıqçılıqda Türkiyə dünyada ilk yerlərdən birini tutur. Belə deyim ki, birinci və ikinci yerləri bölüşür. Quru meyvə ixracatında isə dünyada ilk üçlükdədir və bu sahələrin kifayət qədər ciddi potensialı var". 

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan Türkiyədə məhz yarımfabrikatların və qablaşdırılmış hazır məhsulların ixracatı ilə bağlı əməkdaşlığın genişləndirilməsində maraqlı olmalıdır:

"Çünki burda xeyir və fayda var. Mütləq Türkiyə şirkətlərinin təcrübəsindən də istifadə etmək olar. Tək təcrübəsindən yox, onların bazar imkanlarından, yəni bazara çıxış imkanlarından da Azərbaycan tərəfi istifadə edə bilər. Çox güman ki, birgə müəssisələr və qarşılıqlı investisiyalar da məhz bu yöndə daha çox əməkdaşlığın genişlənməsinə xidmət edəcək".