Bakı Avropa çempionatına necə hazırlaşır?

Mahir Rüstəmli: "Təşkilatçılıqla bağlı problem yoxdur, amma təbliğat mühiti, AÇ-ni futbol bayramına çevirmək inadı yoxdu"

Aydın Bağırov: "Xarici azarkeşlərin gəlişindən sonra Bakıdakı ab-hava daha çox diqqət çəkəcək"



Son illərdə Bakıda saysız-hesabsız mötəbər idman yarışları keçirilib ki, onların hər birində ölkəmiz mükəmməl təşkilatçılıq baxımından öz möhürünü vurub. Bildiyimiz kimi, ötən həftə paytaxtımızda Formula-1 yarışı təşkil olundu. Yaxın günlərdə isə paytaxtımızın ən möhtəşəm ünvanlarından olan olimpiya stadionunda AVRO-2020 oyunlarına ev sahibliyi edəcək. Yəni  futbolsevərlərin səbirsizliklə gözlədiyi AVRO-2020-yə artıq sayılı günlər qalıb. Sevindirici haldır ki, paytaxt Bakıda Avropanın ən güclü komandaları qitənin fərqli ölkələrində çempionluq uğrunda mübarizəyə başlayacaqlar. 16-cı dəfə təşkil olunacaq çempionatın əslində, ötən il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılırdı. Çox təəssüf ki, dünyanı cənginə almış COVİD-19 pandemiyası səbəbindən oyunlar bir il müddətinə təxirə salındı.


UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında turnirin bu il iyunun 11-dən iyulun 12-dək keçirilməsi barədə qərar verildi. Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları UEFA-ya üzv olan qitənin 11 ölkəsinin 11 müxtəlif şəhərində təşkil olunacaq. Çempionatda 24 komanda 6 qrupda mübarizə aparacaq. Bəs paytaxtımız Avropa çempionatına necə hazırlaşır? Bu barədə idman jurnalistəri fikirlərini "Şərq"lə bölüşüblər.

"Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli  "Şərq"ə açıqlamasında bildirib ki, təşkilatçılıq baxımından hansısa problem yoxdu. Ancaq turnir ətrafındakı təbliğat mühiti onu bir o qədər də qane etmir:

"Təbii ki, Bakı Avropa çempionatına hazırdı. Ölkəmizin mötəbər idman tədbirlərini dəfələrlə layiqincə keçirdiyini nəzərə alsaq, təşkilatçılıq baxımından hansısa problem yoxdu. Amma turnir ətrafında təbliğat mühiti, AÇ-ni futbol bayramına çevirmək inadı yoxdu. İndi bütün telekanallarda futbol təbliğ olunmalı, bu idman növünə biganə olanlar da bayram ab-havasını hiss etməliydi. Mənə elə gəlir ki, şəhərdə reklam bilbordlarının sayı da azdı. Mərkəzdə, deyək ki, "Tarqovı"da AÇ-nin gəlişini duymaq olur, amma kənarlarda yox. Daha bir obyektiv səbəb var ki, onun üzərində dayanmaq lazımdı. Koronavirus, bu xəstəliklə bağlı qadağalar son iki ilin bütün tədbirləri kimi, AÇ-yə də təsir göstərib. Nəhayət, sonuncu məqam: bayram o vaxt daha gözəl olur ki, sən özün də onun birbaşa iştirakçısı olasan. Təəssüf ki, Azərbaycan futbolunun yığma səviyyəsində uğurları yoxdu və biz belə böyük turnirlərə hələ də kənardan baxırıq. Obrazlı ifadə etsək, bizdə olan, amma bizsiz futbol bayramımız mübarək!".



"Qol.az" saytının baş redaktoru, Əməkdar jurnalist Aydın Bağırov "Şərq"ə açıqlamasında bildirib ki, yarışın təşkilatçılıqla bağlı işləri normaldır. O qeyd edib ki, ölkəmizə xarici azarkeşlərin gəlişindən sonra Bakıda yarış ab-havası daha çox diqqət çəkəcək:

"Hesab edirəm ki, təşkilatçılıqla bağlı işlər normaldır. Fikrimcə, Azərbaycan bu yarışa da layiqli ev sahibliyi edə biləcək. Düzdür, pandemiyaya görə, bəzi tədbirlər təxirə salındı. Amma bu, böyük futbol bayramını kölgədə qoymayacaq. Təbliğatla bağlı işlərə gəlincə, bu yarış uzun müddətdir ki, idman mediasında lazımi səviyyədə işıqlandırılır. Qeyd edim ki, ictimai-siyasi media və telekanallardakı təbliğat isə adətən yarışın başladığı günlərdə daha da artır. Fikrimcə, bu gündən başlayaraq, həmçinin ölkəmizə xarici azarkeşlərin də gəlişindən sonra Bakıdakı ab-hava daha çox diqqət çəkəcək və təbliğat daha da artacaq".