"Azərbaycan"ın 10 sayı müasir əlifbaya köçürülüb

Toplu Cümhuriyyət dövrü tarixinin öyrənilməsi üçün qiymətli və etibarlı məxəz olacaq

Mehdi Gəncəli: "İndiki nüsxə sadəcə transliterasiyadan ibarətdir. Çalışmalarımız davam edir. Qəzetin hamısı, bütövlükdə 19 cilddən ibarət olaraq tərcümə, şərhlər, açıqlamalar, lüğət, indeksli nəşr olunacaq"

Aydın Balayev: “Müasir araşdırmaçıların əksəriyyəti bu qiymətli mənbədən yararlanmaq imkanından məhrumdur”


1918-1920-ci illərdə ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb qrafikasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiya) nəşr olunub. Toplu ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib. Qəzetin təxminən 450 nömrəsi arasından seçilmiş 10 nömrəsi hər iki əlifbada bu topluda təqdim olunub. Məlumat üçün bildirək ki, “Azərbaycan” qəzetini müasir əlifbaya transliterasiya edərək çoxcildlik şəklində çapa hazırlanma təşəbbüsü Türkiyənin Mərmərə Universitetinin dosenti, türkoloq-alim Mehdi Gəncəli və Azad Ağaoğludur. Qəzetin bütün nömrələrinin müasir əlifbaya köçürülməsi, çətin anlaşılan söz və ifadələr lüğəti, qeyd və izahlar, xüsusi adlar göstəricisinin əlavə edilməsi ilə nəşrə hazırlanması nəzərdə tutulur.

Hesab edilir ki, Cümhuriyyət dövrü tarixinin öyrənilməsi üçün çox vacib olan bu nəşr tarixçilər, filoloqlar, mətnşünaslar, mənbəşünaslar və digər mütəxəssislərlə yanaşı, yaxın tariximizlə maraqlanan hər kəs üçün qiymətli və etibarlı bir məxəz olacaq. Qəzetdəki materiallar milli müstəqillik tariximizin tam mənzərəsinin ortaya qoyulması baxımından böyük əhəmiyyət daşıyır. Qəzetin səhifələrində Azərbaycan hökumətinin qərarları, parlament üzvlərinin çıxışları, bölgələrdə və paytaxtda baş verən hadisələrin təfərrüatları və təhlilləri, xatirələr, Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri və sair məlumatlar əksini tapıb. Xatırladaq ki, ilk nümunə ötən il “bayram nömrəsi” ilə transliterasiya olunaraq ictimaiyyətə təqdim edilib.

Dəyərli toplu ilə bağlı “Şərq”ə danışan türkoloq-alim Mehdi Gəncəli bildirib ki, 2020-ci ilin may ayında sadəcə bir nömrə nümunə kimi ictimaiyyətə təqdim olunub. Alim vurğulayıb ki, sonra ADA Universiteti bu işi öz üzərinə götürdü:

“Məlum olduğu kimi “Azərbaycan” qəzetinin 14 sentyabr 1918-ci il tarixindən 27 aprel 1920-ci ilədək ümumilikdə 445 sayı işıq üzü görüb. Biz bunlardan sadəcə 10 sayı ərəb qrafikasından latın qrafikasına çevirdik. İndiki nüsxə sadəcə transliterasiyadan ibarətdir. Çalışmalarımız davam edir. Qəzetin hamısı, bütövlükdə 19 cilddən ibarət olaraq tərcümə, şərhlər, açıqlamalar, lüğət, indeksli nəşr olunacaq. Birinci cild artıq hazırdır. Bazar günü çapa göndərəcəyik. Nəşrlərimiz cildlər halında davamlı çap ediləcək. Amma sonrakı toplularda əski hərfli qrafikanı qoymayacağıq, latın qrafikalı çevirmə olacaq. Sadəcə, bu kitabda nümunə kimi orijinal mətnləri də yerləşdirmişik”. 



Tarix elmləri doktoru, professor Aydın Balayev də “Şərq”ə vurğulayıb ki, “Azərbaycan” qəzeti Cümhuriyyət dövrümüzü öyrənmək üçün ən əsas və əvəzolunmaz mənbələrdən biridir. Alimin sözlərinə görə, qəzetin bütün saylarının əski əlifbadan latın qrafikasına transliterasiyası nə qədər böyük zəhmət tələb edirsə, bir o qədər də önəmlidir:

“Məlum səbəblərdən XX əsrdə əlifbamızın üç dəfə dəyişdirilməsi ucbatından müasir araşdırmaçıların əksəriyyəti bu qiymətli mənbədən yararlanmaq imkanından məhrumdurlar. Mehdi bəyin və Azad bəyin əməyi sayəsində insanlar belə bir imkanı qazanacaqlar. Unutmayaq ki, tarixi araşdırmaların keyfiyyəti xeyli dərəcədə mənbələrin keyfiyyətindən asılıdır.

Ümumiyyətlə, bu istiqamətdəki çalışmaları genişləndirmək, XX əsrin başlanğıcında əski əlifba ilə çap olunan digər mətbu orqanların transliterasiyası ilə də məşğul olmaq yaxşı olardı. Söhbət, ilk növbədə, “Həyat”, “İrşad” kimi qəzetlərdən gedir. Təbii ki, bu, böyük zəhmət tələb edən işdir.

Lakin bununla məşğul olmağa dəyər. Çünki təkcə tarixçilər, filoloqlar deyil, həm də sadə oxucular da böyük bir mədəni-tarixi irslə bilavasitə tanış olmaq imkanı qazanacaqlar”.