"Heç kinonun rəngini belə verə bilmirlər"

Naibə Allahverdiyeva: "İndi təəssüf ki, kinoya, teleseriala məktəb görməyən, təhsil almayan, özünü rejissor, aktyor adlandıran adamlar gəlib"

"Bu qohumluq-dostluq tək kino və yaxud teatrda deyil. Adicə marketə adam öz qohumunu gətirir və ona görə də inkişaf edə bilmirik"

Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, televiziya tamaşalarında, film və seriallarda maraqlı obrazlar yaradan Naibə Allahverdiyeva ilə növbəti görüşümüz mürəkkəb bir dövrə təsadüf edib. COVİD-19 pandemiyası üzündən bir ildən çoxdur ki, teatrların qapısı tamaşaçıların üzünə qapalıdır. Yəqin ki, elə ona görə də istedadlı aktrisanın mətbuata son açıqlamalarında giley-güzar, narazılıq hiss olunur.  

“Hər bir şəhid xəbərinə göz yaşı tökdüm”

- Uzun illər Dövlət Gənc Tamaşaçılar Teatrında məhsuldar çalışan Naibə xanım bəlli səbəblərdən tamaşaçılarından aralı düşüb. Pandemiya dövrünün sərt tələblərinə uyğunlaşmaq deyəsən sizin üçün də çox çətin oldu?

- Təbii, çətindən də çətindir. Sənət adamı, günlərini məşqlərdə, tamaşalarda keçirən, səhnədən tamaşaçı nəfəsi, reaksiyası duyan bir insan üçün yaradıcı prosesdən ayrı düşmək, pandemiya səbəbindən evə qapanıb qalmaq dözülməz bir hissdir. Psixologiyama da pis təsir edir, düşünürəm ki, əksər həmkarlarım da bu vəziyyətdədir. Çünki aktrisa, aktyor üçün bir ildən çox bir müddətdə səhnədən, teatr ab-havasından ayrı düşməyin faciəsini bəlkə də adi insanlar o qədər də dərk etmir. Amma biz özümüz yaxşı bilirik ki, nələr çəkirik... 
COVİD-19 bəlası xoşbəxt günlərimizi, dəyərli sənətkarlarımızı, yaxınlarımızı bizdən aldı. Xəstəlik yeni başlayanda çoxları onun bu qədər amansız olacağını bəlkə də düşünmürdü. Koronavirus Çində yeni başlayanda teatra tibbi maska taxıb getmişdim, əksər iş yoldaşlarım mənə gülürdü. Bir də ayılıb gördük ki, pandemiya qapımızı döyür, teatra, səhnəyə, toya-düyünə həsrət qalmışıq, sənət yoldaşlarımızın, doğmalarımızın yas mərasiminə də gedə bilmirik. İndi ötən günlərə baxanda deyirik ki, keçmiş günlərimizdə xoşbəxt həyat yaşamışıq. İnsanlarla ünsiyyətdən çəkindik, dostlarımızı görmədik. Bu illər, aylar ömrümüzdən- günümüzdən getdi, sənət aləmində də şəxsi həyatda da  elə bil bu günləri heç yaşamadıq...

- Bəlkə elə ona görə son dönəm müsahibələriniz pessimis ruhdadır. Şən, deyib-gülən Naibə xanım həyatdan küskün görünür...

- Deyirlər insan yaşlananda uşağa çevrilir. Yəni ətrafda baş verən hər şey ona təsir edir. Söhbətimizin əvvəlində qeyd etdiyim məsələlər təbii ki, mənim halımı, davranışımı, hərəkətlərimi dəyişdi. Üstəlik də bu illər ərzində rastlaşdığım haqsızlıqlar... Bütün bunlar insanın qəlbinə toxunur, dərin iz buraxır. 
20-30 il öncə müharibə görmüşdük, torpaqlarımız işğal edilmişdi, şəhid analarının harayını eşitmişdik. Allah bizə həmin günləri bir də yaşatdı, hər səhəri müharibə, döyüş, şəhid xəbərləri ilə açdıq. Amma bu dəfə göydə Allah, yerdə Müzəffər Ali Baş Komandanımız, igid əsgər və zabitlərimiz bizə Qələbə sevincini yaşatdı. Şəhidlərimizin qanı bahasına bayrağımız Şuşada dalğalandı. 44 günlük müharibə də hər birimiz kimi, mənim də həyatımda müəyyən izlər qoydu, həyəcan, stres hələ də canımdan çıxmayıb. Hər bir şəhid xəbərinə göz yaşı tökür, yarımçıq qalmış ömürlər üçün ağlayırdım. O günləri yaşamaq asan deyildi, şükür ki, Azərbaycan düşməni məhv etdi, şəhid analarının ahı yerdə qalmadı. 

- Teatrlardakı vəziyyət məlumdur, amma TV layihələrdə də görünmürsünüz...

- Telekanallara, seriallara dəvət hər zaman olub, şükür Allaha ki, bu sarıdan gileyim yoxdur. Görünür ki, unudulmamışam, məni görmək istəyirlər. Lakin hər dəvətə də razılıq vermirəm. Bunun da səbəbləri var, mən aktrisa kimi də, insan kimi də özümə hörmət edirəm, ona görə hər dəvətə razılıq verə bilmərəm. Təəssüf ki, indi əksər verilişlərdə sənət qalır bir tərəfdə, qonaqdan ancaq şəxsi həyatı barədə sual verir, ev-eşiyi, geyimi  müzakirə edirlər. Şəxsən bu məni bezdirir, mənə elə gəlir tamaşaçı da bezib bu söhbətlərdən. İstəyirəm ki, jurnalistlər müsahibə alarkən daha çox sənət haqqında sual versinlər. Bu mənim üçün də, elə tamaşaçılar üçün də maraqlıdır. Biz  cəmiyyət olaraq mövqeyimizi dəyişməliyik, maarifləndirici verilişlər hazırlamalıyıq. Savadlı gənclər yetişdirək, bacarıqlı, elmli insanları gənclərimizə tanıdaq ki, cavanlar da onlardan nümunə götürməyə çalışsın. Doğrudur, dediyim tərzdə  verilişlər var, amma çox azdır. Gəncləri oxumağa, təhsilə yönəltmək lazımdır. Filankəs lüt soyundu, filankəs belə oldu tipli verilişlər artıq maraqlı deyil. 
O ki qaldı, yerli seriallara, vallah, istərdim mən də çəkilim, yeni obrazlarda oynayım. Məndə  o potensial  hələ var, əldən düşməmişəm, enerjim tükənməyib. Amma hər rola da çəkilə bilmərəm, çünki mən Xalq artisti, Prezident mükafatçısıyam, məni razı salmayan senariyə, obraza necə “hə” deyə bilərəm? İndi təəssüf ki, kinoya, teleseriala məktəb görməyən, təhsil almayan, özünü rejissor, aktyor adlandıran adamlar gəlib. Onlar başa düşmür ki, üzr istəyirəm, hər yoldan ötən aktyor, aktrisa ola bilməz. Bu gün teleseriallarımızın əksəriyyətində məhz belə adamlar məşğuldur, ona görə də teleserialların çoxu sünidir, heç nə başa düşmək olmur.  

- Sadaladığınız problemlərin kökü nədədir?  

- Savadsızlıqda. Senarini yazan təkcə istedadlı yox, həm də savadlı olmalıdır, kinonu bilməlidir. Elə götürüb filankəs filan sözü dedi, bəhmən kəs bəhmən sözü dedi yazmaqla senari olmaz. İki nəfərin dialoqunu biri-birinin ardınca yazmaq senaristlik deyil. Bayaq dediyim kimi, mütləq şəkildə məktəb keçməlidir bu insan. Bizim köhnə rejissorlarımız var, o vaxtı  film çəkmək üçün neçə il rejissor köməkçisi işləyiblər. Yəni rejissorlardan öyrənirdilər. İndikilər kinonun rəngini belə verə bilmirlər. Həm də serialın dili zəngin olmalıdır. İndiki kimi, bəsit küçə dilində danışmaq olmaz. Azərbaycan dili çox zəngin dildi. Onu belə bəsitləşdirmək olmaz. Bu gün seriallarda demək olar ki,  hər kəs özünü oynayır. Amma aktyorun böyüklüyü odur ki, başqalaşmağı bacarsın. Sən başqa insanın taleyini oynayırsan. Baxırsan, bir serialda bir aktyor bir roldadır, həmən başqa serialda  yenə həmin xarakteri oynayır. Yəni bu dəhşətdir. O qədər istedadlı insanlarımız var, məhv olub getdilər hamısı. Çox istedadlı aktyorlar var idi, təsəvvür edirsiniz, heç nə  qoyub gedə bilmədilər. Mən özüm-özümə durub rol oynamalıyam? Bəziləri kimi gedib rejissorla  restoranlarda oturub yeyib-içməliyəm? Ya rejissora  hədiyyə almalıyam. Mən bu yaxınlarda belə bir şey eşitdim ki, bir neçə şəxs rejissora pul verir ki, onu da çəksinlər. Siz bilirsiz ki, bizim nə qədər papaq altda yatan oğullarımız, istedadlı qızlarımız var. Bəzi rejissorlar deyir kino inkişaf etmir, bilirsiz niyə? Çünki bəziləri ətrafa savadsız  öz adamlarını yığır və kino çəkir. Bu qohumluq-dostluq tək kino və yaxud teatrda deyil. Adicə marketə adam öz qohumunu gətirir və ona görə də inkişaf edə bilmirik. Təkcə dövlət bunun üçün  çalışmamalıdır, ölkəmizin inkişafı üçün. Bizim hər birimiz çalışmalıyıq ki, öz sahəmiz üzrə hər sahə inkişaf etsin. Biz özümüz bunu etməliyik.

“Məndən aktrisa kimi istifadə etmədilər”

- Son dönəmlərdə sosial səbəkələrdə, incəsənət xadimlərinə fəxri adların, mükafatların verilməsinə müəyyən bir aqresiya var. Bir Xalq artisti kimi, buna münasibətiniz necədir?

- Layiq olmayan hansı xalq artisdi var ki? Mən müğənnilər barəsində şəxsən heç nə deyə bilmərəm. Amma aktyorlar arasında kim layiq deyil?  Hətta zamanında adını ala bilməyən aktyorlar var bu gün. Mənə elə gəlir, bizim bütün aktyorlarımız layiqdirlər. Teatrın tozunu uda-uda illərdir cüzi maaşa işləyirlər. Bilirsiz nə çətindi aktyor olmaq? Ötən ay bir qrup incəsənət xadiminə prezident mükafatı verildi. Bəzi jurnalistlər, sənətşünaslar hərəsi bir fikir bildirdi. Razı olmayanlar mənə çatmadı, aktyorlar niyə mükafat almasın? Bizim nə qədər kirayədə qalan həmkarımız var. Onlar üçün bu mükafat bilirsiz nə qədər vacibdir. Yenə deyirəm, aktyorlar çox əziyyət çəkirlər. Bəzən tək maaş onların heç yolpuluna bəs etmir. Ömründə heç teatra gəlməyən, bizim əziyyətimizi görməyən kənardan ağzına gələni yazır,  rəy bildirir, ayıbdır vallah.

- Belə “rəyləri” oxuyandan sonra sənətdən getmək barədə düşünmüzünüzmü? 

- Getmək barədə ağlıma belə gətirməmişəm, getmərəm də. Küsdüyüm məqamlar olub, amma ətrafdakı bəzi adamlardan küsmüşəm, sənətdən yox. Sənətdən küsə bilmərəm. Sənətdən niyə küsməliyəm, sənət mənə borclu deyil, mən sənətə borcluyam.

- Bu illər ərzində ürəyinizcə olmayan obraz oynadınızmı heç? Və buna görə peşmansınızmı?

- Şablon səslənsə də deyim, bütün rollarım mənim üçün əzizdir. Cəsarətlə deyirəm, hansı rolu oynamışamsa ürəklə oynamışam. Sadəcə bir şeydən peşmanam, ömrüm, günüm keçdi, istədiyim obrazları oynaya bilmədim. Düzdür, dövlətimiz tərəfindən qiymətimi almışam, hər zaman diqqət görmüşəm. Mənə hər zaman qiymət verilib. Dövlətimizdən, onun rəhbərliyindən heç bir narazılığım yoxdur, sağ olsunlar ki, dəyər veriblər. Xalq artisti olaraq  rejissorlardan çox narazıyam, çox. Özümü tərifləmirəm, özümdə olan potensialı bilirəm. Hansısa rolu elə bil mənə zorla verdilər. Bilmirəm nəyə görə indi də davam edir bu. Mənə çox maraqlıdır, niyə belədir. Elə mən həmişə mübarizə aparmalı deyiləm ki? Məndən aktrisa kimi istifadə etmədilər... Nə qədər fərqli obrazlar oynaya bilərdim. Tək bir mən yox, bizim bir çox aktrisa, aktyorlarımızı rejissorlar tam, dolğun anlamadılar.  Ağaxan Salmanlı, Xuraman Hacıyeva, Kübra Dadaşova və başqaları. Nəticədə unudulub getdilər, özləri də itirdilər, teatr sənətimiz də.

- Bu arada koronavirusdan və digər xəstəlikdən sənət dostlarınız dünyalarını dəyişdilər... 

- Təkcə sənət adamları deyil, öz sahəsində iz qoyub gedən insanlar dünyasını dəyişəndə çox pis oluram. Bu ağır günlərdə tərəf müqabillərimi itirdim, onlarla birlikdə böyümüşdüm. Birdən yox oldu bu insanlar. Mən onların hamısını ailə kimi qəbul etmişəm. İndi onların artıq çoxu həyatda yoxdu, bir daha səhnəyə çıxmayacaqlar. Fürsətdən istifadə edib sənət adamlarına, rejissorlara, rəsmi şəxslərə səslənirəm, incəsənət adamlarının qədrini bilin. 

- Pandemiya ilə bağlı karantin qadağaları mərhələli şəkildə yumşaldılır. İnşallah, yaxın zamanlarda teatrlar qapılarını tamaşaçıların üzünə açacaq. Hansı obrazda teatrsevərlərin görüşünə gəlmək istərdiniz?  

- Mən də çox ümid edirəm ki, yaxın zamanlarda biz bu qorxunc bəlaya birlikdə qalib gələcəyik və əvvəlki gözəl günlərə qayıda biləcəyik. Teatrlar yenə tamaşaçı nəfəsi ilə isinəcək. Səhnənin iyi üçün çox darıxmışam, çox. Repertuarımızda maraqlı səhnə əsərləri çoxdur, yeni tamaşalar da olacaq. Səhnəyə çıxmaq, obraz yaratmaq istəyirəm. Hələ oynamadığım, ürəyimdə gəzdirdiyim obrazlar var, amma adlarını demək istəmirəm.  

Turan Etibaroğlu