Vəfasız dünya...

Bu dünyadan bir Ramiz Əzizbəyli keçdi

Bir-bir böyük sənətkarlarımızı itiririk


İyun ayının 9-da Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Xalq artisti, professor, Şöhrət ordenli incəsənət xadimi Ramiz Əzizbəyli uzun müddətli xəstəlikdən sonra vəfat etdi. 

Koronavirusa yoluxan 72 yaşlı R.Əzizbəyli bir müddət əvvəl Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Onun infarkt keçirdiyi açıqlanıb.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilib. 

Sənətkarın gedişi hər birimizi üzdü. Şübhəsiz, iki ildir ard-arda itirdiklərimiz sırasına R.Əzizbəylinin də qoşulması sarsıdıcıdır. 

Xatırladaq ki, sənətkar 1948-ci il iyulun 20-sində Bakıda anadan olub. İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyətə başlayıb. 

1987-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının debüt studiyasında çəkdiyi “Pirverdinin xoruzu” adlı qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Onun 1992-ci ildə çəkdiyi “Bəxt üzüyü” tammetrajlı bədii filmi isə müasir kino tariximizdə yüksək bədii keyfiyyətli və yaxşı gəlir gətirən iş kimi yadda qalıb. 2006-cı ildə çəkdiyi “Yalan” bədii filmi isə Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran əsərlərindən biri hesab olunur. Ramiz Əzizbəyli aktyor kimi “Dərviş Parisi partladır”, “Şeytan göz qabağında”, “Gümüş göl əfsanəsi”, “Kişiləri qoruyun”, “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması” filmlərində rol alıb. “Hacı Zeynalabdin Tağıyev”, “Qızıl Buta” mükafatı laureatı olan Xalq artisti həmçinin müəllimlik edib.
Mədəniyyət və İncəsənət Universitetinin Estrada və musiqili teatr aktyorluğu kafedrasının müdiri olub.

R.Əzizbəyli birdən çox işin peşəkarı  idi. Kinorejissor, aktyor kimi özünü xalqa sevdirən sənətkar bəzən özünəməxsus ifaları ilə də könülləri oxşayırdı. Ramiz Əzizbəyli neçə-neçə rejissorların, aktyorların yoluna işıq tutan müəllim idi. 

Yəqin xatırlayarsınız, “Bəxt üzüyü” filmində bir səhnə var: “Söylü Moşunun dənizdə batdığını düşünüb, çimərliyə tərəf qaçır. Bu zaman dar yolda iki nəfərlə toqquşur. Onların hər ikisi divara çırpılır”. Elə həmin rolu ifa edənlərdən biri Ramiz müəllimin özü idi. İndi fikirləşirəm ki, biz də, incəsənətmiz də sənətkarın ölüm xəbəri ilə eynən onun kimi “divara çırpıldıq”.  Uzun müddətdir xəstəlikdən əziyyət çəksə də, tez-tez vəziyyətinin ağırlaşması ilə bağlı xəbərlər yayılsa da,  biz onun gedişinə hazır deyildik. 



“Şərq”lə həmsöhbət olan aktyor Valeh Kərimov da üzüntülü olduğunu dilə gətirib: 

“Onu dəfn etdik. Qəbir üstündən bir az əvvəl gəlmişəm. Orada da jurnalistlərlə danışdıq. Allah rəhmət eləsin. Böyük sənətkar, böyük şəxsiyyət idi. Hər zaman xatirələrdə yaxşı insan və yoldaş kimi qalacaq”.

Mərhumun illərdir küsülü olduğu aktrisa Afaq Bəşirqızı isə dəfn mərasiminə yollana bilməyib. Ona görə ki, Afaq xanım səhhətində yaranan problemlərlə bağlı xəstəxanadadır. Xalq artisti  “Elgizlə izlə” proqramına telefonla bağlanıb. O əvvəlcə R.Əzizbəyli ilə arasındakı soyuqluqdan danışıb:

“Ramiz barışmaq üçün məndən bir addım gözləyirdi. Çünki kinli insan deyildi. Ona yalandan sual verən, əsəbi vaxtında danışdıranlar utansınlar. Adını çəkmək istəmirəm. Lakin gördünmü sənin bir sualın iki sənətkarı hansı vəziyyətə gətirib çıxardı?! “Bəxt üzüyü”ndən sonra iki film də çəkmişdi. “Varlı qadın”ı ekranlaşdırmaq istəyirdi. Hələ “Bəxt üzüyü”nün çəkilişində demişdi ki, yalnız səni həmin filmdə görürəm. Münasibətimiz normal olsa,  o filmi də çəkəcəkdi. Nəsə belə oldu... Halal-halal xoşu olsun. Birgə kəsdiyimiz çörəyə görə onu pis görməmişəm. Allah rəhmət eləsin. Yaddaşlarda qalacaq. Həmişə  “Bəxt üzüyü” deyiləndə o yada düşəcək. Çox istədim dəfn mərasiminə gəlim, lakin alınmadı. Daim hörmətlə anılacaq. Həyatdan istedadlı bir insan kimi köçdü. Ona halallıq verirəm. Bu dünyadan bir Ramiz Əzizbəyli keçdi...”

R.Əzizbəylinin ölümü haqda sənət adamları sosial şəbəkələrdə paylaşım ediblər.

Məsələn, Xalq artisti Flora Kərimova mərhumun fotosunu profilində yerləşdirərək bu sözləri yazıb: “Ramiz bəy, ruhunuz şad, axirətiniz əzabsız, nurlu olsun. O dünyada yaradanın kölgəsi daim üzərinizdə olsun”.

Aktrisa Firəngiz Mütəllimova üzüntüsünü  belə ifadə edib:

“Gülərüz, zaraftçıl, sədaqətli, istedadlı sənətkarımızı itirdik.  Vəfasız dünya... Təxminən 3 ay əvvəl  telefonda danışdıq.  Sənə söz veridm ki, pandemiya bitəndə görüşəcəyik. Allah bilən məsləhətdir. Məkanın cənnət olsun”.

Ramiz Əzizbəyli iyun ayının 10-da “Qurd qapısı” məzarlığında torpağa tapşırılıb. O, son mənzilə alqışlarla yola salınıb.