MEDİA-nın yönü hayanadır?

Jurnalist əməyi stimullaşdırılır

İndi bir nəfər 5 nəfərin adından yazı yazıb təqdim edə bilməyəcək


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsinin keçirilməsi barədə elan verib. Bu müsabiqə əvvəlki müsabiqələrdən bir çox amillərinə görə diqqət çəkib. Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Trend-ə müsahibəsində agentliyin jurnalistlər üçün elan etdiyi müsabiqənin yeni şərtlərindən və üstünlüklərindən danışıb. N.Məmmədli qeyd edib ki, jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensiallarının üzə çıxarılması MEDİA Agentliyi üçün prioritet təşkil edir. Bunun üçün elə meyarlar və prinsiplər əsasında müsabiqə həyata keçirmək istəyirik ki, jurnalist həmkarlarımızın yaradıcı əməyi layiqincə qiymətləndirilsin, eyni zamanda haqsız rəqabət hallarına, digər subyektiv nüanslara yol verilməsin.

O diqqətə çatdırıb ki, bu vaxta qədərki təcrübəni nəzərdən keçirərək tamamilə yeni mexanizmlər təklif etdik: "Birinci növbədə, jurnalist yaradıcılığını məhdudlaşdıran bütün amillər aradan qaldırıldı. Agentlik hər hansı material hazırlamaq üçün sifariş vermir, əksinə, jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. İkincisi, müsabiqənin nominasiyaları praktik jurnalistikadan çıxış edərək müəyyənləşib ki, bu da mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bu vaxta kimi bütün media subyektlərində çalışan həmkarlarımızın hamısının qatılıb faydalana biləcəyi müsabiqə formatı olmayıb. İndi isə qəzet və veb-sayt müxbirindən tutmuş - televiziya operatoruna kimi, bütün əməkdaşların iştirakına nail olmuşuq. Təqdim olunmuş materiallar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra 10 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla qəzet və onlayn media subyektlərinin 50 əməkdaşı, audioviziual media üçün nəzərdə tutulmuş 5 nominasiyanın hər biri üzrə 4 nəfər olmaqla 20 əməkdaş qalib elan olunacaq".

Qiymətləndirmə meyarlarına gəlincə, N.Məmmədli qeyd edib ki, eyni materialın üç fərqli ekspert tərəfindən fərdi qaydada iyirmi ballıq sistemlə qiymətləndirilməsi aparılacaq və bu zaman qeyd etdiyimiz kimi, müəllif yanaşmasındakı orijinallığa önəm veriləcək. Müsabiqənin şərtləri əlçatandır, lakin bu, jurnalistin məsuliyyətini azaltmır: "Müsabiqəyə material təqdim olunarkən nəzərə alınmalıdır ki, onların hamısı ekspert qiymətləndirilməsindən keçəcək. Bu zaman materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunmasına fikir veriləcək. Materialın maarifləndirici əhəmiyyəti də qiymətləndirmə meyarları sırasında vacib amillərdən biridir".

Yeniliklər bağlı media nümayəndələrinin də fikirlərini  öyrəndik.

Əməkdar jurnalist Elman Babayev  "Şərq"ə açıqlamasında  vurğulayıb ki, hazırda MEDİA Agentliyindən gözləntilər olduqca böyükdür. O qeyd edib ki, əvvəl mövcud olan qurumun, KİVDF-nin bazasında yaradılan agentliyin mətbuatın inkişafına hansı töhfə verəcəyi cəmiyyətin diqqət mərkəzindədir:

"Qurum yenidir və onun ümumi fəaliyyətinə indidən dolğun qiymət vermək bir qədər çətindir. MEDİA Agentliyindən əvvəl mövcud olan KİVDF də fərdi jurnalist müsabiqələri keçirirdi. Yəni məsələyə bu kontekstdən yanaşsaq, bu qəbildən olan müsabiqələrin keçirilməsi yenilik deyil. Amma şərtlərdə ciddi müsbət yeniliklər var və həmin yenilikləri təqdir edirəm. Əsas hədəf kimi jurnalistlərin yaradıcı əməyinə layiqli qiymət vermək, subyektiv nüansların qarşısını almaq seçilib. Ən böyük gözlənti də odur ki, müsabiqəyə təqdim olunan yazılara obyektiv qiymət verilsin. Mənim fikrimcə, Agentlikdə mətbuatda illərdir işləmiş, imzası ilə tanınan Natiq Məmmədli, Rüstəm Əbülfətoğlu kimi şəxslərin təmsil olunması hansısa neqativ halların müşahidə edilməsini mümkünsüzləşdirəcək. Hər halda şəxsən mənim buna inamım tamdır. Media Agentliyi ilk müsabiqədə tamamilə yeni mexanizmlərlə çıxış edib. Əvvəlki təcrübə, yəni müsabiqəni keçirən qurumun hər hansı material hazırlamaq üçün sifariş verməsi aradan qalxıb. Jurnalist özünün seçimi əsasında müsabiqəyə yazı təqdim edəcək. Beləliklə, jurnalistin yaradıcı sərbəstliyi təmin olunub".

E.Babayev diqqətə çatdırıb ki, müsabiqəyə bütün media subyektlərində çalışan jurnalistlərin qatılmasına şərait yaradılıb və bu da müsbət addımdır:

"Qeyd edim ki, eyni zamanda, regionlarda çalışan, habelə idman jurnalistlərinin fərdi müsabiqələrdə iştirakına yaşıl işıq yandırılıb. Bundan başqa, müsabiqəyə təqdim olunacaq materialların qiymətləndirmə meyarlarında da dəyişikliklər edilib. Ümumi mənzərə budur ki, müsabiqənin şərtləri daha əlçatan olub.  MEDİA Agentliyi paralel olaraq jurnalistin yaradıcı məsuliyyətini azaltmayan mexanizmlər işləyib. Agentlik bu yeniliklərlə həm də jurnalistikanın canlanmasına, müasir oxucunun tələbatına cavab verən mühitin yaranmasına töhfə verməyi hədəfləyib. Qalır gözləmək. Yeni yanaşma ilə elan edilən fərdi müsabiqənin nə dərəcədə effektli olması, hədəflərinə çatmasını zaman göstərəcək".

Moderator.az-ın şef redaktoru Xəyalə Rəis "Şərq"ə qeyd edib ki, bu dəfə elan olunan müsabiqə jurnalistlərimizin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensiallarının üzə çıxarılması istiqamətində baş tutacaq. Belə ki, MEDİA Agentliyi üçün bu nüanslar əsas meyardır:

“Şərtlərlə tanış olduqda belə anladım ki, burada haqsız rəqabət hallarına, digər subyektiv nüanslara yol verilməyəcək. Bu dəfə rəhbərliklərin tapşırdıqları və özəl, digər məsələlərdən özlərinə yaxın hiss etdikləri jurnalistlər deyil, daha peşəkar yazı təqdim edən media nümayəndələri qiymətləndiriləcək. Yeni qaydalarda jurnalist yaradıcılığını məhdudlaşdıran bütün amillərin aradan qaldırıldığının şahidi oluruq. Qeyd olunan şərtlər onu göstərir ki, jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır.  Yəni biz artıq yalnız müsabiqədən müsabiqəyə yeni imzalarla tanış olmayacağıq. Digər tərəfdən əvvəllər hər dəfə eyni mövzular təqdim olunurdusa, bu dəfə müsabiqənin nominasiyaları praktik jurnalistikadan çıxış edərək müəyyənləşib ki, bu da mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bu vaxta kimi bütün media subyektlərində çalışan həmkarlarımızın hamısının qatılıb faydalana biləcəyi müsabiqə olacağına ümid edirəm”.
X.Rəis bildirib ki, bu şərtlər rəhbərlikləri seçdiyi insanlar deyil, peşəkarlıq ön plana çəkiləcək: “Eyni zamanda bir nəfər 5 nəfərin adından yazı yazıb təqdim edə bilməyəcək. Çünki agentliyin təqdim etdiyi yeni sistemdə artıq hər kəsin bir profili formalaşacaq və hər kəs yalnız bir yazı ilə müraciət edə biləcək. Bu yeniliklər bir növ agentlikdə jurnalistlərin elektron bazası da formalaşacaq. Bu isə gələcəkdə vahid press kartın və digər problemlərin həllini asanlaşdıracaq”.

"Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli "Şərq"ə açıqlamasında qeyd edib ki, elan olunan yeni müsabiqə şərtləri gələcəkdə Azərbaycanın media mühitində rəqabətin güclənməsinə təkan verəcək:

"İlk olaraq qeyd edim ki, Media İnkişaf Agentliyinin yaradılması Azərbaycanda islahatların yeni mərhələsidir. Bildiyiniz kimi, Azərbaycanda hər sahədə islahatlar gedir və mətbuatımız da bundan geri qala bilməzdi. Məhz Media İnkişaf Agentliyi yaradılması da məhz bu istiqamətdə atılan mühüm addımlardan biri idi, yəni sözün əsl mənasında islahatlara verilən bir dəstəkdir. Təbii ki, agentlikdən yeniliklər gözlənilirdi. Yeni müsabiqə şərtlərində isə bir çox diqqətə çəkən yeniliklər var. Bunlardan biri Azərbaycanda gündəmə təsir edən, dünyanı formalaşdıran internet media subyektlərinin də bu müsabiqədə iştirak edə bilməsidir. Təbii ki, bunu jurnalistlərin stimullaşdırması baxımından çox mühüm addım kimi qiymətləndirmək olar. Son üç ayda yazılan yazıların müsabiqədə ön plana çıxarılması isə fikrimcə, çox mühüm və önəmli amillərdən biridir. Çünki bu artıq həm jurnalistlərin peşəkarlaşmasına, həm də onların gündəlik işlərində yazdıqları yazıya xüsusi diqqət göstərməyinə də təsir edəcək. Yəni hər bir jurnalist bundan sonra yazdığı yazıya xüsusi peşəkarlıqla yanaşacaq. Təbii ki, bu da çox önəmli faktordur. Çünki bu, Azərbaycan media mühitində rəqabətin güclənməsinə və oxuculara keyfiyyətli materialların təqdim olunmasında yardımçı olacaq. Eyni zamanda, göstərilən istiqamətlər onu göstərir ki, artıq Azərbaycan mətbuatında jurnalistlərin peşəkarlıq meyarının artması ön plana çəkiləcək. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsindən sonra bu gün də informasiya müharibəsi davam edir. Bu günləri Azərbaycan jurnalistlərinin daha çox xarici dil biliyinin artırılması və beynəlxalq mediaya inteqrasiyası çox önəmli amildir. Media İnkişaf Agentliyinin də keçirdiyi layihələr, proyektlər onu göstərir ki, onlar da bu məsələyə çox həssas yanaşırlar".

H.Heydərli vurğulayıb ki, saytların media orqanlarının maddi-texniki bazasının formalaşması istiqamətində də atılan addımlar mühümdür. Çünki bu onun göstəricisidir ki, Azərbaycan mediasına sözün əsl mənasında diqqət göstərilir:

"Bu müsabiqənin daha önəmli cəhəti odur ki, bundan əvvəlki müsabiqələrdə yalnız elan olunan mövzularla bağlı müəyyən mükafatlar elan olunurdu. Həmçinin əvvəlki müsabiqələrdə daha çox sayt, qəzet rəhbərləri ön plana çıxırdısa, bu dəfəki fərdi jurnalist müsabiqəsində müxbirlərin, xüsusən də operatorların əməyi ön plana çıxarılır. Bu isə sözün əsl mənasında bir yenilik kimi qələmə verilə bilər. Bu baxımdan düşünürəm ki, bu şəxslərin də ön plana çıxarılması və onların stimullaşdırılması Media İnkişaf Agentliyinin yeni media istiqamətində atacağı addımların bünövrəsinin göstəricisidir".