Müstəqilliyimizin 30 ili tamam olur

Milli Məclisdə müstəqilliyimizin 30 illiyi ilə bağlı tədbirlər planı hazırlamaq təklif olunub. Bunu deputat Vahid Əhmədov təklif edib. Parlamentari vurğulayıb ki, 2021-ci il müstəqil Azərbaycan dövlətinin tarixində bir sıra mühüm hadisələrlə yadda qaldı:

“44 günlük Vətən müharibəsində Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə çox ciddi uğurlara imza atıldı. İkinci bir hadisə odur ki, bütün dünyanı bürüyən pandemiya ilə mübarizədə dövlətimiz çox ciddi işlər gördü, müəyyən mənada bunun qarşısını aldı. Hazırda pandemiya ilə bağlı yumşalmalar olur və bu, yəqin ki, davam edəcək”. 

Deputat bildirib ki, Azərbaycanın müstəqilliyi haqda Konstitusiya Aktının qəbul edilməsinin bu il 30 ili tamam olur:

“18 oktyabr 1991-cü ildə bu zalda biz dövlət müstəqilliyi haqda Konstitusiya Aktını qəbul etmişik. Müstəqilliyimizi tanıyan ilk dövlət Türkiyə, sonra Rumıniya və Pakistan olub. 1918-ci ildə Azərbaycan müstəqil dövlət kimi cəmi 23 ay yaşadısa, artıq Azərbaycan 30 ildir müstəqildir. Təklif edirəm ki, Azərbaycanın 30 illik müstəqilliyi ilə əlaqədar olaraq Milli Məclis müəyyən tədbirlər planı işləyib hazırlasın. Biz Azərbaycanın müstəqilliyini yenidən bütün dünyaya xatırladaq, bəyan edək. Milli Məclisin rəhbərindən xahiş edirəm ki, bu məsələyə diqqət yetirsin”.