İlk və son deyil

Hər dəfə imtahanlardan sonra intiharların şahidi oluruq

"Ailədən, valideynlərdən çox şey asılıdır. Yeniyetmə intihar edirsə, deməli, valideynlə arasındakı psixoloji alyans pozulub, dialoq yoxdur"


“Hər dəfə imtahanlardan sonra intiharlar artır. Bu, valideynlə övladlar arasındakı əlaqə bağlarının itməsinin nəticəsidir”.
Bu fikirləri “Şərq”ə açıqlamasında psixoloq Fərqanə Mehmanqızı Gəncədə baş vermiş intihar hadisəsinin ehtimal edilən səbəbləri barədə danışarkən deyib.   
Xatırladaq ki, Gəncə şəhər Yeni Gəncə yaşayış massivində yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxıldığı deyilən gənc qızın intihar etdiyi məlum olub. Hadisə iyun ayının 9-u axşam saatlarında baş verib. 



"Report"un Qərb Mərkəzinin məlumatına görə, aparılan araşdırmalar nəticəsində yaşadığı binanın 7-ci mərtəbəsindən yıxıldığı bildirilən 2004-cü il təvəllüdlü Şəms Eşqin qızı Hüseynovanın intihar etdiyi məlum olub. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edilir ki, gənc qız ağır halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verən ərazidə yaşayanların bildirdiyinə görə, intihar edən qız 11-ci sinif şagirdi olub. O, dərs kitablarını da pəncərədən atıb. İntiharın dəqiq başvermə səbəbləri isə hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, yeniyetmələrlə ehtiyatlı davranmağı valideynlərə daim tövsiyə edirlər: 

- Biz əvvəllər də bu kimi hallar barədə danışarkən valideynlərin yeniyetmələrlə ehtiyatlı davranmalı olduğunu bildirmişik. Xüsusən yeniyetmələr üçün gərgin olan imtahanlar müddətində.

Buraxılış imtahanları, qəbul imtahanları ərəfəsi, eləcə də imtahanlardan sonra, balların açıqlandığı müddət yeniyetmələr, məzunlar üçün çox gərgin bir dövrdür.

Yeniyetməni düşündürən və psixoloji gərginliyə salan “görəsən, orta məktəbi necə bitirmişəm, hansı səviyyədə, ali məktəbə qəbul oluna biləcəyəmmi, nə qədər bal toplayacam” kimi cavabını axtardığı suallardır. Gərginlik pik səviyyədə olur. Belə şəraitdə intiharların baş verməsi gözləniləndir.

Təəssüf ki, hər dəfə imtahanlardan sonra biz belə faciələrin şahidi oluruq. Bunun ilk və son olmayacağı bəllidir. Ailədən, valideynlərdən çox şey asılıdır. Yeniyetmə intihar edirsə, deməli, valideynlə arasındakı psixoloji alyans pozulub, dialoq yoxdur.

Valideynlə övlad arasında mənəvi əlaqə qırıqlığı var. Harmoniya yoxdur.

Psixoloji alyans doğru istiqamətdə getmir. Ona görə də eyni fakt, eyni səbəblər və sonda intihar. Valideynlərlə danışarkən onlara tövsiyə edirik ki, övladlarınızda aranızda harmoniya yaratmağa çalışın. Onlarla əmr formasında danışmayın.

Onları başa salmaq üçün müxtəlif əhvalatlara, hadisələrə istinad edin. Bunları özünüz istədiyiniz formada deyil, onların istədiyi, qəbul edəcəyi formada anlatmağa çalışın. Valideynlə övlad arasında münasibətlər normal olarsa, belə faciələrin qarşısı da alınar. Övladlarımızı itirmərik.