Hədəfə çox az qalıb

Bakıda heç bir qanunsuz ət kəsim məntəqələrinə rast gəlməyəcəyik


Azərbaycanda insanlar qidasında mal, qoyun kimi heyvanların ətinə xüsusi önəm verirlər. Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir. Buna görə də daim dövlətimiz tərəfindən heyvan kəsiminin fəaliyyətinin tənzimlənməsi ilə bağlı işlər görülür.

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir. Çox təəssüf ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir. Belə ki, 2021-ci il 7-10 iyun tarixlərində Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Məsələ ilə bağlı “Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, yaxın gələcəkdə bu sahədə mühüm addımlar atılacaq. O qeyd edib ki, ilk növbədə heyvanların identifikasiyası həyata keçiriləcək:

"Qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyətinin qarşısı alınması istiqamətində daim  dövlətimiz tərəfindən bir sıra işlər görülür. Lakin hədəflərə çatmağa çox az, ən azı 3 il qalıb. Çünki heyvanların identifikasiyası həyata keçiriləcək. Qeyd edim ki, başqa ölkələrdə olduğu kimi heyvan dünyaya gələndən son anına qədər güclənməlidir. Buna heyvanların identifikasiyası deyilir. Bu işə inzibati yollarla nail olmaq çox çətindir. Birincisi, istehlakçılar elə yerləri baykot eləməlidirlər. Lakin təəssüflər olsun ki, istehlakçılar gözləri gördüyü əti almaq istəyirlər. Çox təəssüflər olsun ki, ölkəmizdə identifikasiya hələ bir faiz də həyata keçirilməyib.  Ancaq qeyd edim ki, bu işlər sürətlə həyata keçirilməkdədir. Düşünürəm ki, heyvanların identifikasiyası həyata keçiriləndən sonra belə məsələlər həll olunacaq".