Ağdamın mina xəritəsinin Azərbaycana verilməsini dünya rəsmiləri alqışlayır

Azərbaycanın Ağdam rayonunun mina xəritələrini Ermənistandan alması müqabilində 15 erməni hərbçini təhvil verməsindən sonra siyasətçilər və rəsmi şəxslər bu vacib hadisə barədə fikirlərini bildirməyə başladılar.

"Şadam ki, mənim aktiv dəstəyim və bizim strateji partnyorumuz, ABŞ Dövlət katibinin köməkçisi Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi 15 Ermənistan vətəndaşını azad etdi, onlar öz ailələrinə Gürcüstan vasitəsilə qovuşdular", - Gücüstanın Baş naziri İrakli Qaribaşvili özünün Facebook səhifəsində yazıb.

Öz növbəsində ABŞ-ın Dövlət katibi Entoni Blinken Twitter səhifəsində qeyd edib ki, ABŞ Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır.

​"Biz Gürcüstan hökumətinə tərəflər arasında danışıqlara kömək göstərilməsində həyati vacib roluna görə təşəkkür edirik. Belə addımlar regionun xalqlarını layiq olduqları dinc gələcəyə yaxınlaşdırır", - Dövlət katibinin bəyanatında deyilir.

Rusiyanın Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında Azərbaycanın mina xəritələri müqabilində 15 ermənini azad etməsi xəbərini yayaraq qeyd edib: "Çoxdan gözlənilən xoş xəbər. Tərəflərin bu cür addımlarını alqışlayırıq".

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də kənarda qalmayıb: "Azərbaycan və Ermınistanın paralel humanitar jestlərini - tutulanların buraxılmasını və minalanmış ərazilərin xəritəsinin verilməsini alqışlayıram".

O, Twitter səhifəsində vurğulayıb ki, Avropa İttifaqı bu prosesi dəstəkləyib və proqressin tezləşməsi üçün köməyini təklif etməyi dayandırmayacaq.

Gürcüstanın XİN rəhbəri David Zalkaliani qeyd edib ki, ermənilərin öz ölkələrinə qaytarılması və Azərbaycanın minalarla bağlı lazımi materiallarla təmin edilməsi Cənubi Qafqazın üç ölkəsi arasında münasibətlərin başlanğıcıdır. Bu barədə isə APA-nın yerli bürosu məlumat verib.

Gürcü nazirin sözlərinə görə, Azərbaycanın azad etdiyi ermənilər artıq Ermınistan ərazisindədirlər.