Şəhidin  xatirəsinə tikilmiş bulağın və abidənin açılışı olub

Tərtər rayonunun Seydimli kəndində şəhid Abbasov Aysənan Əsgər oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri əvvəlcə kənddə birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər. Sonra şəhid Aysənan Abbasovun xatirəsinə tikilmiş bulağın və abidənin açılışı olub.

Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tədbirdən sonra şəhid Aysənan Abbasovun evində ailə üzvləri ilə görüş keçirilib. Görüşdə Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Şəhidin ailəsi şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.