Vaşinqton mesaj verdi ki, Tiflis Cənubi Qafqazda onun "gözü, qulağıdır"

"Son hadisələr Gürcüstanın regionda nüfuzunun artmasına hesablanmış bir addım idi"

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Cənubi Qafqaz ölkələri, Gürcüstan, Azərbaycan və Ermənistana səfəri uğurla yekunlaşdı.

Belə ki, onun bu səfəri nəticəsində rəsmi Bakının üzun müddətdir Ermənistandan tələb etdiyi minalanmış ərazilərin xəritəsinin bir qismi, daha dəqiq desək, Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr Azərbaycan tərəfinə təqdim edildi. Bunun müqabilində isə rəsmi Bakı saxlanılan 15 nəfər erməni diversantını Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verdi. Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri Gürcüstanda başladığı kimi Gürcüstanda da bitdi. Onun Cənubi Qafqaz ölkələrinə səfəri Vaşinqtonun Kremlə həm Ermənistan, həm Gürcüstan, həm də Azərbaycan baxımından ciddi zərbə vurması ilə yekunlaşdı.

Siyasi şərhçi Turan Rzayev "Sherg.az"a bildirib ki, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın 15 erməni diversantını geri qaytarması onun reytinqinin yüksəlməsinə təsir edəcək: 



"Onsuz da qərbyönümlü bloka rəhbərlik edən Paşinyan bununla Vaşinqtonun həm Ermənistan, həm də Azərbaycanı razı salan bu təklifindən maksimum faydalanmağa çalışacaq. Xüsusilə də seçkilərdə Qərbin Ermənistan üçün tək xilas yolu olduğu və mövcud sərhəd problemlərinin ABŞ vasitəçiliyi ilə həll edilə biləcəyi düşüncəsini erməni ictimaiyyətinə daha da qəbul etdirməyə çalışacaq. İkincisi, razılaşmaya görə, 15 nəfər erməni diversant Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Vaşinqton bununla rəsmi Tiflisin Cənubi Qafqazda onun gözü, qulağı olduğu mesajını verir. Düşünürəm ki, bu,  Gürcüstanın regionda nüfuzunun artmasına hesablanmış bir addım idi".

Analitikə görə, Vaşinqton bu razılaşma ilə bəlkə də imkansız sayıla biləcək bir işi gördü, rəsmi Bakının etimadını qazandı: 

"Məsələ ondadır ki,  Azərbaycan hər zaman Vaşinqtona məsafəli olub və bunun haqlı səbəbləri də var. ABŞ-ın Birinci Qarabağ müharibəsi zamanı haqsız yerə Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş rəsmi Bakının bu ölkəyə qarşı güvənini sarsıtmışdı. Digər tərəfdən, ABŞ-ın dünya üzərindəki münaqişələrə müdaxilə üsulları və destruktivliyi Azərbaycanı da bu ölkəyə qarşı məsafəli olmağa vadar edib. Rəsmi Bakı bundan sonra Vaşinqtonun prosesə yaxından iştirak etməsinə isti baxa biləcəyi mesajını verdi". 

T.Rzayev bəyan edib ki, XİN-in təşəkkür etdiyi ölkələr sırasında Rusiyanın adı çəkilmədi: 

"Bu da öz növbəsində Bakının Kremlə bir etiraz formasıdır. Yəni Rusiya mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün İrəvana təzyiq edə biləcəyi halda bunu etmədi. Halbuki bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Düzdür, Ermənistanda seçkiöncəsi olması və Kremlin bunu Ermənistanın Qərbə doğru daha da yönəlməsindən ehtiyat etdiyi üçün etmədiyini güman etmək olar. Lakin bütün hallarda Kreml prosesi özü də edə bilərdi. Yekun olaraq onu deyə bilərəm ki, ABŞ Filip Rikerin Cənubi Qafqaz ölkələrinə səfəri ilə Rusiyanın regiondakı nüfuzuna ciddi zərbə vurmuş oldu. Lakin istənilən halda Vaşinqtonun belə vədlərlə regiona girməsinə icazə vermək olmaz. Unutmamaq lazımdır ki, söhbət dostuna da, düşməninə də eyni gözlə baxan bir super güc ölkədən gedir. Vaşinqton bir verirsə, 10 almağı da yaxşı bacarır. İndi görək Kremlin Vaşinqtona cavabı necə olacaq?".