"G7" SAMMİTİ: Dünyaya yeni “dizayn” veriləcək? – ŞƏRH 


Böyük Britaniyada iyunun 11-dən 13-dək keçirilən G7 (“Böyük yeddilər”) sammiti sona çatıb. Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı liderlərinin iştirak etdiyi G7 zirvə görüşünü Boris Conson bağlayıb. G7 zirvəsinin əsas gündəm maddələrindən biri iqlim dəyişikliyi olub.

Liderlər zirvədən sonra 25 səhifədən ibarət yekun bəyannamə qəbul edib. Bəyannamədə G7 ölkələri ehtiyac duyulan ölkələrə 1 milyard doza koronavirus peyvəndi bağışlayacaqlarını açıqlayıb. Həm də dünyada qlobal peyvənd istehsal gücünün artırılmasına, pandemiya üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə və peyvəndin inkişaf müddətlərinin qısaldılması üçün elmə dəstək verməyə borclu olduqlarını bildiriblər.



Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmov sammit barədə fikirlərini “Sherg.az”la bölüşüb.
Analitikin sözlərinə görə, G7 ənənəvi toplantılardan biridir, sadəcə olaraq bu sammitin özəlliyi ondan ibarətdir ki, pandemiyadan sonra tərəflər ilk dəfə toplanıblar:

“ABŞ-da yeni administrasiya formalaşandan sonra dünyada Amerikanın siyasətində müəyyən dəyişikliklər gözlənilir. Bu baxımdan sammit olduqca əhəmiyyətlidir. Eyni zamanda koronavirusdan sonra dünya ölkələri ilə əlaqədar bir çox reallıq meydana gəldi.

Toplantıdan əsas gözləntilər Amerika və Avropa Birliyinin Türkiyəyə və bizim regiona münasibətindən irəli gələn məqamlardır.

Məsələn, Ərdoğanla Baydenin, həmçinin Rusiya və ABŞ prezidentinin görüşü. Bu görüşlərin bizim region üçün xüsusi əhəmiyyəti ola, müəyyən qərarlar verilə bilər”.

H.Rüstəmov hesab edir ki, G-7 toplantısından sonra Türkiyə-Amerika, Türkiyə-Avropa İttifaqı əlaqələrinin yaxşılaşması istiqamətində müəyyən addımlar atıla bilər:

“Azərbaycanın da gözləntiləri bundan ibarətdir ki, Türkiyə-Avropa İttifaqı əlaqələri yaxşılaşsa, qardaş ölkənin Cənubi Qafqazda möhkəmlənməsi sürətlənəcək. Xüsusilə, Qarabağla bağlı məsələlər də müzakirə olunacaq və regionda yeni sülh layihəsinin meydana çıxması da gözləniləndir. Düşünürəm ki, qardaş ölkənin mövqeyi bu görüşlər sayəsində möhkəmlənəcək. Bu da maraqlarımıza uyğundur”.