“Kremlin Ermənistana dəstəyi xeyir gətirməyəcək”

“Əksinə, revanşistlər ölkəni çıxılmaz “dalana”a salacaqlar”

“Ermənistanın dövlətçilik taleyi hakimiyyətə gələcək şəxsin Azərbaycanla normal münasibətindən keçir”

Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticəsinə günlər qalıb. Müxtəlif siyasətçilər, o cümlədən hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan, “Qarabağ klanı”nın üzvləri Robert Köçəryan, Serj Sarkisyan və başqaları müxtəlif bəyanatlar səsləndirirlər. Kimin qalib gələcəyi barədə hələlik sadəcə proqnozlar səsləndirmək olar. Amma bir məsələ məlumdur: Seçkilər başa çatdıqdan sonra Ermənistanın xarici diplomatiyasında dəyişiklik olacaq. Və əslində olmalıdır da. Çünki hazırkı revanşist siyasətin sonu yoxdur.


AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov da belə düşünür. O, rəsmi İrəvanın gələcək taleyi barədə “Sherg.az”a danışdı:

“Baş verənlərə nəzər salsaq, görərik ki, seçki kampaniyası normal vəziyyətdə deyil. Proseslər onsuz da böhran vəziyyətində olan Ermənistanı siyasi xəritədən silinmək qarşısında qoyub. Düşmən başa düşmür ki, böhrandan çıxmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normal təşkil etmək lazımdır. Və, deməli, illər boyu davam edən anti-türk siyasətlərindən əl çəkməlidir”.

S. Seyidovun fikrincə, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyədən asılıdır:

“Rusiyanın Ermənistana birbaşa dəstəyi effekt verə bilməz. Moskva İrəvanla normal münasibətlər saxlamaq, onu qorumaq istəyirsə, əvvəlcə bizimlə münasibətləri yüksək səviyyədə saxlamalıdır. Bu, ancaq Azərbaycanın razılığı və bölgədə yaranan yeni reallıq əsasında olmalıdır. Dediyim kimi, Kremlin Ermənistana birbaşa dəstəyi xeyir gətirməyəcək. Əksinə, revanşistlər ölkəni çıxılmaz “dalana”a salacaqlar. Ermənistanın dövlətçilik taleyi hakimiyyətə gələcək şəxsin Azərbaycanla normal münasibətindən keçir”.